Vətən müharibəsi qazilərinin “Zəfər” avtoyürüşü təşkil olunub - VİDEO

Vətən müharibəsi qazilərinin “Zəfər” avtoyürüşü təşkil olunub - VİDEO
# 04 noyabr 2022 12:14 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomobillə təmin olunmuş, Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan hərbçilərin “Zəfər” avtoyürüşü təşkil olunub.

APA xəbər verir ki, 44 avtomobilin iştirak etdiyi “Zəfər” avtoyürüşündə Vətən müharibəsi şəhidlərinin övladları da iştirak edib. Onlar müharibə veteranları ilə eyni avtomobillərdə hərəkət ediblər.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib. Sonra İkinci Şəhidlər xiyabanına avtoyürüş edilib, şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın məzarları ziyarət olunub.

Avtoyürüş Hərbi Qənimətlər Parkının qarşısında yekunlaşıb.

Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Zəfər qazandığı Vətən müharibəsindən iki il ötür:

"Cəmi 44 gün ərzində torpaqlarımız düşmən tapdağından azad edildi. Xalqımız tarixi yurd-yuvalarımızın azad edilməsinin ikinci ildönümünü böyük sevinclə qeyd edir.

Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərin iştirakçıları olan qəhrəmanlarımızın iştirakı ilə onlara Nazirlik tərəfindən təqdim edilən avtomobillərlə artıq ikinci dəfədir ki, avtoyürüş təşkil edilir. Ənənə halını alan bu avtoyürüş möhtəşəm Zəfərimizə həsr olunub. “Zəfər” avtoyürüşü müharibədə şücaət göstərən Vətən övladlarına göstərilən dövlət qayğısını təcəssüm etdirir.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş miqyaslı sosial dəstək paketi icra olunur. Bu sosial dəstək paketinin tərkib hissəsi kimi, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min, ümumilikdə ötən dövrdə 13 minədək mənzil və fərdi ev təqdim edilib. 2022-ci il üzrə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1000-i təqdim edilib".

Nazir müavini deyib ki, eyni zamanda, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri uğurla davam edir. Postmüharibə dövründə 300-dən çox, ümumən ötən dövrdə 7500-dən çox avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR