Xaçmazda əməyin təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib - FOTO

“Əməyin təhlükəsizliyi - iş prosesində işçilərin həyatını və sağlamlığını qoruyan sistemdir” mövzusunda seminar-müşavirə

© APA | “Əməyin təhlükəsizliyi - iş prosesində işçilərin həyatını və sağlamlığını qoruyan sistemdir” mövzusunda seminar-müşavirə

# 29 aprel 2022 10:49 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Xaçmaz şəhərində “Əməyin təhlükəsizliyi - iş prosesində işçilərin həyatını və sağlamlığını qoruyan sistemdir” mövzusunda seminar-müşavirə keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.

Tədbirdə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin məsul əməkdaşları, agentliyin Şimal Regional Mərkəzinin əhatə etdiyi ərazilərdə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin nümayəndələri, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib.

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini Piri Quluzadə tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkədə həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən danışaraq, dövlət başçısı tərəfindən sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına göstərilən xüsusi diqqət və qayğıdan danışıb. Rəis müavini sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edərək, bu sahədə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun baş mütəxəssisi Nəsib Nəsibov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasının əsas istiqamətləri, sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə iştirakçılara məlumat verib.

Tədbirdə Agentliyin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov, Kimya, neft-kimya və neft-qaz emalı sənayesində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Eltun Həsənov, Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi vəzifəsini müvəqqəti icra edən Eldar Əhmədov, Yerin təkinin mühafizəsi və dağ-mədən nəzarəti müfəttişliyinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahin Qaçabəyov, Təhlükə potensiallı obyektlərin dövlət reyestri şöbəsinin müdiri Namik İsmayılov, “Şahdağ Turizm Mərkəzi” MMC-nin baş mühəndisi Mühəndis Qiyasov, “Qafqaz konserv Zavodu” ASC-nin texniki şöbəsinin müdiri Vüqar Həbibov çıxış edərək texniki təhlükəsizliklə bağlı mövcud çatışmazlıqlardan söz açıb, bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün zəruri olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.

Sonda FHN-in əməkdaşları seminar–müşavirə iştirakçılarının suallarını cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR