Xüsusi nümayəndə: "Gələn il Böyük Qayıdışın hazırlıq mərhələsinə keçiləcək"

Emin Hüseynov

© APA | Emin Hüseynov

# 24 dekabr 2021 16:32 (UTC +04:00)

“Məcburi köçkünlərin qayıdışını təmin etmək üçün xüsusi İşçi Qrup fəaliyyət göstərir. Onlar Böyük Qayıdışın iqtisadi, sosial və hüquqi aspektlərini araşdırırlar”.

APA-nın məlumatına görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Prezidentin xüsusi nümayəndəsi bildirib ki, növbəti il ərzində bu araşdırmalar uğurla yekunlaşacaq və artıq Böyük Qayıdışın hazırlıq mərhələsinə keçiləcək: “Bizdə keçmiş məcburi köçkün statusu olan vətəndaşlarımızın siyahısı var. Onların içərisində hansı hissəsinin artıq dövlət tərəfindən evlə təmin olunduğu, hansının olunmadığı və müvəqqəti yaşayış yerlərində yaşadıqları barədə məlumatlar var. Hər bir rayon və şəhər üzrə Böyük Qayıdış prosesi başlayarkən bütün bunlar nəzərə alınacaq”.

Prezidentin köməkçisi bildirib ki, azad olunmuş ərazilərlə bağlı xüsusi Dövlət Proqramı hazırlanır: “Həmin proqramın hazırlanması prosesi bu yaxınlarda yekunlaşacaq. Proqramda nəzərdə tutulan tədbirlər gələn il həyata keçirilməyə başlayacaq. İşğaldan azad edilmiş ərazilərdə sosial, iqtisadi infrastrukturun yaradılması istiqamətində başlanmış layihələr davam edəcək, iş yerləri yaradılacaq. Vətəndaşlarımız üçün yaşayış massivinin salınması, kənd təsərrüfatı və sənaye sahələrində iş yerlərinin yaradılması ilə bağlı iş adamları, investorlarla layihələr həyata keçiriləcək. Ənənəvi sahələrlə yanaşı, həm də yeni innovativ, rəqəmsal iqtisadi fəaliyyət sahələrində kiçik, orta biznes nümayəndələri, startaplar üçün şərait yaradılacaq. İnsanlar qayıdandan sonra öz iqtisadi fəaliyyətlərini qurmaları və iş yerləri ilə təmin olunmaları üçün işlər davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR