Avropa Dərmanlar Agentliyi: Qan laxtalanması "AstraZeneca"nın çox nadir yan təsiridir

Avropa Dərmanlar Agentliyi: Qan laxtalanması "AstraZeneca"nın çox nadir yan təsiridir
  • Clock-gray 19:14
  • calendar-gray 07 Aprel 2021
Avropa Dərmanlar Agentliyi "AstraZeneca" peyvəndinin xeyrinin riskləri üstələdiyini təsdiqləyib.
 
APA-nın xəbərinə görə, Avropa Dərmanlar Agentliyinin təhlükəsizlik komitəsi (PRAC) araşdırmalardan sonra qan laxtalarının "Vaxzevria"nın (əvvəlki adı "AstraZeneca") çox nadir yan təsirləri olduğu qənaətinə gəlib.

Agentlik ekspert qrupunun tövsiyələri də daxil olmaqla, hazırda mövcud olan bütün dəlilləri araşdırma və qiymətləndirmə prosesində nəzərə alıb.

Dərmanlar Agentliyi bildirib ki, səhiyyə işçiləri və peyvənd alan şəxslərə peyvənddən sonra 2 həftə ərzində çox nadir görülən qan laxtalanmasının aşağı qan trombositləri ilə birləşmə ehtimalından xəbərdar olmalıdır. "İndiyə qədər qeydə alınan halların əksəriyyəti peyvənd inyeksiyasından 2 həftə sonra 60 yaşınadək qadınlarda meydana gəlib. Hazırda mövcud olan dəlillərə əsasən, xüsusi risk faktorları təsdiqlənməyib".

Avropa Dərmanlar Agentliyinin təhlükəsizlik komitəsi qan laxtalanmalarının beyindəki qan damarlarında (serebral venoz sinus trombozu, CVST), qarında (splanxnik damar trombozu) və arteriyalarda, aşağı qan trombositləri və bəzən qanaxma şəklində meydana gəldiyini bildirib.

Komitə araşdırma və qiymətləndirmə prosesində martın 22-nə qədər Aİ-nin dərman təhlükəsizliyi məlumat bazasına (EudraVigilance) daxil edilmiş 62 beyin venoz sinus trombozu və 24 splanxnik damar trombozu halını araşıdırıb, bu tormbozlardan 18-i ölümcül olub.

"COVID-19 xəstəxanaya yerləşdirmə və ölüm riski daşıyır. Qan laxtaları və aşağı qan trombositlərinin birləşməsi çox nadirdir. "AstraZeneca" peyvəndinin COVID-19-un qarşısının alınmasında göstərdiyi ümumi faydaları yan təsirlərindən, onun risklərindən çoxdur".

Dərmanlar Agenliyinin ekspertləri bildiriblər ki, qan laxtalarının və aşağı qan trombositlərinin birləşməsi immunitetin reaksiyası kimi izah edilə bilər. Bu hal heparindən müalicə olunan xəstələrdə də müşahidə olunur. 

Təhlükəsizlik Komitəsi risk olan halda təcili mütəxəssis müalicəsinin vacibliyini vurğulayır. Bildirilir ki, qan laxtalarının və aşağı qan trombositlərinin əlamətlərini tanıyaraq və onları erkən müalicə edərək, səhiyyə işçiləri xəstələrin ağırlaşmasının qarşısını ala bilər.

Avropa Dərmanlar Agentliyinin Təhlükəsizlik Komitəsi "AstraZeneca"peyvəndi inyeksiya edilən şəxsin aşağıda qeyd olunan əlamətləri hiss etdikdə dərhal həkimə müraciət etməsi barədə xəbərdarlıq edib.

Bu əlamətlər nəfəs darlığı, sinədə ağrı, ayaq şişməsi, qarın nahiyəsində davamlı ağrı, şiddətli və davamlı baş ağrıları və ya bulanıq görmə kimi nevroloji simptomlar, inyeksiya yerindən kənarda dəri altındakı kiçik qan ləkələridir.

Zümrüd Paşkin

Digər xəbərlər