Deputat: “Azərbaycanın beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi səmərəsini verib”

Deputat: “Azərbaycanın beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi səmərəsini verib”
  • Clock-gray 12:44
  • calendar-gray 24 Fevral 2021

“Prezident İlham Əliyev videoformatda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini qəbul edərkən beynəlxalq birliyin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın tarixi və mədəni abidələrimizi nə vəziyyətə saldığını, bu yöndə həqiqətləri bilməsi üçün görülən işlərdən danışıb, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu istiqamətdə fəaliyyətinin önəmli olduğunu vurğulayıb”.

Bunu APA-ya açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

Millət vəkili deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2020-ci ildə keçirilməsi nəzərdə tutulmuş Bakı Qlobal Forumu pandemiya səbəbindən təxirə salınıb: “Bununla belə, keçən il də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fəal olub, bütün məhdudiyyətlər nəzərə alınaraq, fəaliyyətini davam etdirib, Azərbaycanın uğurla həyata keçirdiyi azadlıq müharibəsinə aktiv dəstək verib. Dövlət başçısı da qəbulda İsmail Serageldinə, digər həmsədr Vayra Vike-Freyberqaya və Mərkəzin İdarə Heyətinin digər üzvlərinə Azərbaycanın uğurla həyata keçirdiyi azadlıq müharibəsi ilə əlaqədar ona ünvanladıqları səmimi məktublara görə minnətdarlığını çatdırıb. Müharibə vaxtı və müharibədən sonra bu dəstək məktubları, Azərbaycanın ərazi bütövlüyünə dəstək ölkəmizdə yüksək qiymətləndirilib”.

T. Kərimli qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində dövlət və hökumət başçıları olmuş nüfuzlu şəxslər, ictimai-siyasi xadimlər təmsil olunur: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumlarda da nüfuzlu şəxslər, ictimai-siyasi xadimlər iştirak ediblər. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin daimi forumları zamanı çıxışlarında hər zaman münaqişəyə, ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına diqqət çəkib. İndi vəziyyət dəyişib. Azərbaycan beynəlxalq hüququ bərpa edib, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaradıb. Prezident İlham Əliyev İsmail Serageldini qəbul edərkən vurğulayıb ki, bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq. Bu gün Azərbaycan həqiqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamaq və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir və artıq buna başlayıb. Azərbaycan yenidənqurma işləri, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələr həyata keçirir. Dövlət başçısı qeyd edib ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var. Regionumuzun uzun illər ərzində gözlədiyi sülh bərqərar olub və bu sülh uzunmüddətli olmalıdır. Bu aspektdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müharibədən sonrakı inkişaf imkanlarına, münaqişədən sonrakı vəziyyətə diqqəti cəmləşdirməsi önəmlidir”.

Millət vəkili ərazilərimiz işğal edilərkən hər şeyin, o cümlədən tarixi və mədəni abidələrimizin məhv edildiyini xatırladıb: “Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, azad edilmiş digər ərazilərdə, kəndlərdə, şəhərlərdə bir tikili qalmayıb. Mədəniyyət nümunələri, tarixi abidələr dağıdılıb. Dövlət başçısı nəzərə çatdırıb ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə azad edilmiş ərazilərdə dağıntıların miqyası ilə tanış olmaq üçün imkan yaradılacaq. Prezident dövlət və hökumət başçıları olmuş nüfuzlu şəxslərin, ictimai-siyasi xadimlər təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həqiqətlərin beynəlxalq birliyə çatdırılmasında rolunu önəmli sayır. Əminik ki, Mərkəz də bu istiqamətdə fəallığı ilə seçiləcək. Elə İsmail Serageldinin də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətindəki həmkarları ilə Azərbaycan Prezidentinin dini mənsubiyyətindən asılı olmayaraq, bütün tarixi abidələrin qorunmasına dair bəyanatı ilə bağlı videoformatda xüsusi tədbirin keçirilməsi məsələsini müzakirə etdiyini bildirməsi Mərkəzin bu məsələni xüsusi diqqətdə saxladığını göstərir. Azərbaycan dünya üçün bir tolerantlıq nümunəsidir, ötən dövr ərzində həm məscid, həm kilsə, həm sinaqoqların bərpası, tikintisi üçün dövlət tərəfindən müvafiq vəsait ayrılıb və bu gün də bu siyasət davam etdirilir. Azərbaycan dini mənsubiyyətindən asılı olmayaraq, bütün tarixi abidələri qorumasında nümunəviliyi ilə seçilən ölkədir, İsmail Serageldin də bunu xüsusi vurğulayıb. İsmail Serageldin qəbulda deyib ki, UNESCO, Dünya Abidələr Fondu kimi təşkilatları, mədəni irsin qorumasına cəlb olunmuş təşkilatları dəvət etməklə bu məsələni daha yaxşı qabarda və Azərbaycan Prezidentinin dini mənsubiyyətindən asılı olmayaraq, bütün tarixi abidələrin qorunmasına dair bəyanatı ilə bağlı onları müzakirələrə cəlb edə bilərlər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin irəli sürdüyü bu təşəbbüs də önəmlidir”.

T. Kərimli vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə Azərbaycanın mütəmadi mühüm beynəlxalq tədbirlərin, forumların keçirildiyi bir mərkəzə çevrilməsi öz səmərəsini verib: “Vətən müharibəsində də həmin beynəlxalq tədbirlər və forumların sayəsində Azərbaycanla bağlı formalaşmış obyektiv baxış haqq işimizə dəstək baxımından öz rolunu oynadı. Bu aspektdə gələcəkdə bu istiqamətdə fəaliyyət, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəallığı bizim üçün önəmlidir”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər