FHN-in Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti fəxri fərmanla təltif edilib - VİDEO

FHN-in Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti fəxri fərmanla təltif edilib - VİDEO
  • Clock-gray 17:18
  • calendar-gray 14 Yanvar 2021

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsində şəxsi heyətlə görüş keçirilib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Vətən müharibəsi zamanı göstərdiyi xidmətlərinə görə yanğınsöndürənlərlə söhbətlər aparılıb, onlara fəxri fərman və hədiyyələr təqdim edilib.

Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı tərəfindən cəbhəboyu zonada xidmət edən FHN əməkdaşları ilə görüşlərə start verilib. Növbəti belə görüş Ağdam rayon Dövlət Yanğından Mühafizə hissəsində təşkil olunub. 

FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun da iştirak etdiyi görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun gücü sayəsində qazanılan qələbədən söhbət açılıb. Bildirilib ki, bu qələbə həm də xalq-ordu birliyinin bariz nümunəsi oldu. Dövlət başçısının ətrafında sıx birləşən hər bir qurum, hər bir vətəndaş qələbə və torpaqlarımızın azadlığı uğrunda əlindən gələni əsirgəmədi. Düşmən təxribatının qarşısının alınması məqsədilə başlayan əks-hücum qısa zamanda cəbhədən gələn qələbə xəbərlərinin eşidilməsinə səbəb oldu. 

Döyüşlər ərəfəsində mənfur ermənilərin dinc əhaliyə qarşı törətdikləri faktlardan da söhbət açılıb. Bildirilib ki, Ağdam rayonunun ərazisi düşmən atəşinə ən çox məruz qalan ərazilərdən biri oldu. Şanlı Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən birbaşa dinc əhalini hədəf seçirdi. Buna baxmayaraq, düşmənin hər hansı əməli sakinlərimizi qorxutmadı. Qırx dörd günlük müharibənin sonunda Zəfər yürüşünün qələbə sevincini eşitdik və torpaqlarımız işğaldan azad edildi.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Mehmandar Nəsirli qeyd edib ki, qurumun şəxsi heyəti Vətən müharibəsində gücləndirilmiş iş rejimində çalışıb. Erməni təxribatı zamanı evlərdə, dövlət əhəmiyyətli obyektlərdə, təsərrüfatlarda partlayışlar, yanğınlar olurdu və yanğınsöndürənlər dərhal həmin ərazilərə cəlb edilirdi. Şəxsi heyət öz vəzifəsinin öhdəsindən layiqincə gəldi. 

“Bu gün də qürurla qalib dövlətin işçiləri kimi xidmətimizi davam etdiririk. Hazırda azad edilən ərazilərdə də bölməmiz fəaliyyətə başlayıb. Bu da bizim üçün böyük fəxrdir”, - deyə Mehmandar Nəsirli bildirib.

FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxışında deyib ki, nazirliyin bir çox qurumları var və onların vəzifələri fövqəladə vəziyyətlərdə, xüsusi riskli hallarda insanların həyatlarını xilas etməkdən ibarətdir. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları da bu çətin və şərəfli peşə sahibləri arasında yer alır. Onların Vətən müharibəsində göstərdiyi xidmət təqdirəlayiqdir. 

“Elə bu məqsədlə döyüşlər ərəfəsində cəbhəboyu zonada xidməti ilə seçilən əməkdaşlarımızla görüşlərə başlamışıq və bu gün Ağdam rayonunda yanğından mühafizə xidmətinin qəhrəmanları ilə görüşürük. Məlumdur ki, düşmən tərəfindən törədilən təxribatlara daha çox məruz qalan ərazilər arasında Ağdam da yer alır. O çətin günlərdə əməkdaşlarımızın da xidmətləri xüsusi qeyd olunmalıdır. Ona görə də əməkdaşlarımızın xidmətlərini dəyərləndirmək üçün belə görüşlər keçiririk”, - deyə Mehman İsmayılov qeyd edib.

Görüş çərçivəsində Ağdam rayon Dövlət Yanğından Mühafizə hissəsinin şəxsi heyəti FHN İşçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıb.

apa-logo-mini

Digər xəbərlər