Gənclər evlərində şəhid ailələri və qazilər üçün psixoloji xidmətlər fəaliyyətə başlayıb

Gənclər evlərində şəhid ailələri və qazilər üçün psixoloji xidmətlər fəaliyyətə başlayıb
# 18 mart 2021 16:57 (UTC +04:00)

Gənclər və İdman Nazirliyinin nəzdində olan Gənclər evlərində şəhid ailələri üzvləri, müharibə əlilləri, müharibə veteranları və iştirakçıları üçün psixoloji xidmətlər fəaliyyət göstərməyə başlayıb.

Gənclər və İdman Nazirliyindən APA-ya verilən xəbərə görə, Vətən müharibəsindən sonrakı 3 ay ərzində Gənclər evlərinin psixoloqları tərəfindən şəhid ailələri üzvləri, müharibə iştirakçıları üçün 203 psixoloji konsultasiya keçirilib, 611 şəhid və qazi ailələri ziyarət edilib, onlara mənəvi dəstək göstərilib.

Gənclər evləri tərəfindən sosial-psixoloji reabilitasiya və məsləhət xidmətlərinin daha səmərəli göstərilməsi üçün psixoloqlara kliniki psixologiya üzrə əlavə təlimlər keçirilib. Bununla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisləri tərəfindən Gənclər evlərinin psixoloqları üçün 3-5 mart 2021-ci il tarixlərdə “Hərbi əməliyyatlarda zərər çəkən şəxslərdə yaranan psixoloji problemlər” adlı təlim keçirilib. Təlimdə Gənclər evlərindən 26 psixoloq iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı və İdarələrarası Mərkəzi yaradılıb. İdarələrarası Mərkəzinin nəzdində o cümlədən “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının sosial müdafiəsi üzrə” İşçi Qrup yaradılıb. Adıçəkilən İşçi Qrupun vəzifələri arasında qeyd olunan kateqoriyalar üçün sosial-psixoloji reabilitasiyasının təşkili nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR