İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəlilərin siyahısı genişləndirilib

İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəlilərin siyahısı genişləndirilib
# 17 avqust 2020 15:17 (UTC +04:00)

Dövlət qulluğu haqqında qanunvericiliyin şamil edildiyi mərkəzi icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti orqanları adından İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na müvafiq dəyişiklik edilməsi ilə bağlı fərmanda əksini tapıb.

Dəyişikliyə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin yerli bölmələrinin rəhbərləri, onların müavinləri, mərkəzi icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin yanında, tabeliyində olan orqanların rəhbərləri, onların müavinləri, həmin orqanların yerli bölmələrinin rəhbərləri, onların müavinləri də inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti verilib.

İndiyə qədər mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərləri, onların müavinləri, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri, onların müavinləri, həmin orqanların yerli bölmələrinin rəhbərləri, onların müavinləri bu işlərə baxırdı.

Eyni zamanda Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”nə dəyişiklik edilməsi barədə fərmanla agentliyin vəzifələri artırılıb.

Fərmana əsasən, Enerji Məsələlərini Tənzimləmə Agentliyi bundan sonra səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görəcək.

İndiyə qədər Agentlik Energetika Nazirliyinin müəyyən etdiyi bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR