İşğaldan azad olunmuş ərazilərdə uşaq və gənclər üçün uyğun mühitin yaradılması ilə bağlı sənəd hazırlanıb

İşğaldan azad olunmuş ərazilərdə uşaq və gənclər üçün uyğun mühitin yaradılması ilə bağlı sənəd hazırlanıb
# 07 aprel 2021 17:14 (UTC +04:00)

Aprelin 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi Edvard Karvardinlə görüşüb.

Komitədən APA-ya bildirilib ki, görüş zamanı “Azərbaycan üzrə 2021-2025-ci illər üçün yeni Ölkə Proqramı”nın müzakirəsi keçirilib.

Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, hazırda Azərbaycan qələbədən doğan qürur hissi ilə böyük quruculuq işlərinin həyata keçirildiyi ərəfədədir: “Siz də bütün bu baş verən hadisələrə qarşı biganə qalmadınız, belə hadisələrdən əziyyət çəkən uşaqların hansı bəlalarla üz-üzə gəldiyinin canlı şahidi oldunuz. Beynəlxalq təşkilatın nümayəndələri olaraq vaxtaşırı işğaldan azad olunmuş ərzilərdə olursunuz və hər şeyi öz gözlərinizlə görürsünüz. Münaqişədən əziyyət çəkən uşaqlarla əlaqədar olaraq BMT Uşaq Fondu, Dövlət Komitəsi və ictimai təşkilatlarla birgə həyata keçirilən tədbirlər, xüsusilə zərər çəkənlərin qiymətləndirilməsi və onlarla aparılan psixo-sosial işi xüsusi vurğulamaq istərdim. Pandemiya və hərbi vəziyyət dövründə yüksək səviyyəli əməkdaşlıq nümayiş etdirdiniz və mən əminəm ki, bundan sonrakı birgə fəaliyyətimiz də bu qaydada davam edəcək”.

Komitə sədri qeyd edib ki, işğaldan azad edilmiş torpaqlarda insanlar üçün yaşayışın təmin edilməsi üçün daha artıq zaman, məsrəf və güc tələb olunur: “Çünki indi hər qarış torpağa basdırılan minalar ərazilərimizdən qovulan Ermənistan qoşunlarından qat-qat artıq təhlükə yaradır. Özü-özlüyündə bu, Ermənistan tərəfindən təcavüzün davam etdirilməsinə və vətəndaşlarımızın bu əraziyə qaytarılması üçün həyata keçiriləcək bərpa və quruculuq işlərinin əngəllənməsinə yönəlib”.

Son 6 ayın Azərbaycan üçün tarixi bir dövr olduğunu qeyd edən BMT rəsmisi növbəti 5 il ərzində görüləcək fəaliyyətlərlə əlaqədar ölkə üzrə yeni proqramın qəbul edildiyini diqqətə çatdırıb. Ötən il qəbul olunmuş Uşaq Strategiyası və Milli Fəaliyyət Planı haqqında fikirlərini bölüşən E. Karvardin bildirib ki, UNİCEF fəaliyyət planında qeyd olunan məsələlər ilə bağlı prosesə texniki dəstək verməyə hazırdır və konkret olaraq planın icrasına, onun monitorinqi ilə əlaqədar bütün aidiyyəti qurumlarla əməkdaşlığa önəm verir.

E. Karvardin bildirib ki, bu gün vacib məsələlərdən biri də ictimaiyyətin diqqətini erkən uşaqlıq dövründə uşaq inkişafına və pozitiv valideynlik məsələsinə yönəltməkdir. O vurğulayıb ki, müharibədən sonrakı mərhələdə zərərçəkmiş uşaqlara psixososial işin gücləndirilməsi və daha da genişləndirilməsi, eləcə də pandemiyanın yaratdığı fəsadlar səbəbindən cəmiyyətdə artan mənfi halların qarşısının alınmasında dəstəyin göstərilməsi də nəzərdə tutulan məsələlər sırasındadır.

Bir sıra ölkələrdə uşaqlar üçün münasib icmanın formalaşması modelinin mövcud olduğunu qeyd edən E. Karvardin işğaldan azad olunmuş Azərbaycan ərazilərində də uşaq və gənclər üçün uyğun mühitin yaradılması ilə bağlı hazırladığı konseptual sənədi tanış olması və qiymətləndirməsi üçün Bahar Muradovaya təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR