Koronavirusla mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr ayı üzrə müddətli əlavə ödənilib

Koronavirusla mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr ayı üzrə müddətli əlavə ödənilib
  • Clock-gray 12:36
  • calendar-gray 09 Dekabr 2020

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli Qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, Bakı şəhəri üzrə 29, respublikanın digər şəhər və rayonları üzrə 96 dövlət tibb müəssisəsinin 9405 nəfər tibb işçisinə və 2369 nəfər qeyri-tibb işçisinə oktyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq  13.5 milyon manat müddətli əlavə ödənilib. 

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

1. Tibbi  profilaktik tədbirləri həyata keçirən 2093 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi  1.7 milyon manat ödənilib.

Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli

Nümunə 1: Poliklinikada çalışan həkim terapevtin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif)  maaşı  406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli  468 manat 46 qəpik müddətli əlavə almalıdır. 468.46 = ((406 / 26) x 10) x 3. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

2. Təcili tibbi yardım xidməti göstərən 3765 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 344 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 5.8 milyon manat ödənilib.

Nümunə 2: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli 1353 manat 85 qəpik müddətli əlavə almalıdır. 1353.85 = ((440 / 156) x 120) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 3203 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 4.1 milyon manat ödənilib.

Nümunə 3: Xəstəxanada çalışan həkimin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 846 manat 15 qəpik müddətli əlavə almalıdır. 846.15 = ((440 / 26) x 10) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

Onu da qeyd edək ki, 2369 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 1.9 milyon manat müddətli əlavə verilib. 

 

Əsmər Qabil

Digər xəbərlər