Ötən il Ombudsman və MPQ tərəfindən 176 başçəkmə həyata keçirilib

Ötən il Ombudsman və MPQ tərəfindən 176 başçəkmə həyata keçirilib
  • Clock-gray 13:40
  • calendar-gray 09 Mart 2021

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyasının Fakultativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin (MPM) funksiyalarını yerinə yetirən Ombudsman və onun Milli Preventiv Qrupu (MPQ) tərəfindən 2020-ci il üzrə fəaliyyət çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraiti, rəftar məsələləri və daxil olmuş müraciətlərin, sənədləşmənin araşdırılması, habelə pandemiya şəraitində koronavirus infeksiyasının yayılması ilə bağlı görülən qabaqlayıcı tədbirlərin, mövcud sanitariya vəziyyətinin araşdırılması məqsədilə 176 başçəkmə həyata keçirilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində bildirilib.

Qeyd edilib ki, Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrə 61, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 49, Təhsil Nazirliyinin 25, Səhiyyə Nazirliyinin 22, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3, Dövlət Təhlükəsizliyi Xidmətinin 5, Müdafiə Nazirliyinin 1, yerli icra hakimiyyətlərinin tabeli müəssisələrinə 10 başçəkmə həyata keçirilib.

Başçəkmələr zamanı saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə konfidensiallıq təmin edilməklə 655 şəxs fərdi qəbul edilib, hüquqlarının təmini vəziyyəti araşdırılıb, qaldırdıqları məsələlər dinlənilib, müxtəlif müraciətləri təmin edilib. Başçəkmələr zamanı, habelə Ombudsmana ünvanlanan müraciətlərin həlli istiqamətində tədbirlər görülüb, aşkar edilmiş çatışmazlıqlar müvafiq müəssisələrin rəhbərliyi qarşısında qaldırılıb, yerində həll edilməsi mümkün məsələlər elə başçəkmə çərçivəsində dərhal həll edilib. Müşahidə edilmiş digər nöqsanlarla bağlı müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciətlər ünvanlanıb, növbəti başçəkmələrə kimi problemlərin aradan qaldırılmasına yönəlmiş tədbirlər görülməsi üçün zəruri təklif və tövsiyələr verilib. 

Ombudsmanın MPM qismində fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə həyata keçirilən başçəkmələr çərçivəsində pis rəftar ehtimalı ilə bağlı müraciətlər yerində araşdırılıb. Qəbul edilmiş hər bir şəxsin, habelə tutulmuş, həbs edilmiş və ya məhkum olunmuş şəxslərin, onların ailə üzvlərinin, vəkillərinin müraciətinə dərhal reaksiya verilməklə həmin müəssisələrdə saxlanma şəraiti və ya rəftar məsələləri, məhkəmə-tibb ekspertizasının təyin edilməsi və keçirilməsi, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyəti araşdırılmaqla müvafiq qaydada Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə və digər səlahiyyətli qurumlara müraciətlər edilib, araşdırmalar aparılıb və bütün hallarda müraciətlər cavablandırılıb.

Ombudsman tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində dövlət uşaq müəssisələrindəki vəziyyət nəzarətdə saxlanılıb, mövcud imkanlar, uşaqların hüquqlarının təmini, onlarla rəftar, saxlanma şəraiti, tibbi xidmətlərin səmərəli təşkili və əlçatanlığı araşdırılıb, məsul şəxslər və qurumlarla müzakirələr aparılıb. Bu ərəfədə internat müəssisələrində yaşayan uşaqlar ailələrinə verilmiş, uşaq evlərində yaşayan və ailələrinə verilmiş uşaqların müəssisələrə geri qayıdışı dayandırılıb, digər qrup müəssisələrdə isə xüsusi karantin rejimi və sosial izolyasiya tədbirləri gücləndirilib. Həyata keçirilən başçəkmələrin yekunu olaraq verilmiş tövsiyələrdə uşaq evlərində, təhsil, səhiyyə və sosial xidmət müəssisələrində yaşayan uşaqlar və onlarla işləyən şəxslərin pandemiya ilə bağlı məlumatlandırılmaları, uyğun rəftar və saxlanma şəraitinə nəzarətin gücləndirilməsi, tibbi və digər sosial xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məsələləri yer alıb.

Pandemiya ilə əlaqədar onlayn tədrisə keçilmə uşaq evlərində və internatlarda yaşayan uşaqların təhsil almaq hüquqlarının həyata keçirilməsində çətinliklər yaradıb. Belə ki, Bakı, Gəncə, Lənkəran və Şəki şəhərlərindəki uşaq evlərində, Quba şəhər Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbində keçirilmiş başçəkmələr zamanı uşaqların onlayn dərslərə qoşula bilməsi üçün kompüterlərin məhdud sayda olduğu, bəzi belə müəssisələrdə internetə çıxış imkanlarının qənaətbəxş olmaması səbəbindən uşaqların ən yaxşı halda yalnız televiziya dərslərindən istifadə etdiyi müşahidə olunub.  

Pandemiya zamanı Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki müəssisələrə də plandankənar başçəkmələr həyata keçirilib, bu müəssisələrdə yaşayan və müalicə alan şəxslər xüsusi karantin rejimi qaydaları nəzərə alınmaqla qəbul edilərək konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, qaldırdıqları məsələlər, sənədləşmənin vəziyyəti yerində araşdırılıb, tibbi yardımla bağlı bir sıra müraciətləri yerində təmin edilib. Ombudsmanın da təklifləri nəzərə alınaraq Gəncə şəhər 4 saylı Psixonevroloji Sosial Xidmət müəssisəsinin əsaslı təmir edilməsi, Gəncə şəhər və Şəki rayon psixiatriya xəstəxanaları üçün yeni binaların inşa edilməsi burada yaşayan və müalicə alan şəxslərin hüquqlarının təmini və saxlama şəraitinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Günay Elşadqızı

Digər xəbərlər