Qohum hesab edilən şəxslərin nikaha daxil olması və nikahın pozulması hallarının statistikası illər üzrə aparılacaq

Qohum hesab edilən şəxslərin nikaha daxil olması və nikahın pozulması hallarının statistikası illər üzrə aparılacaq
# 23 iyun 2020 18:50 (UTC +04:00)

Nazirlər Kabineti “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, Qayda “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən hazırlanıb və gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin istiqamətlərini müəyyən edir.

Gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Gənclər və İdman Nazirliyi; Təhsil Nazirliyi; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; Səhiyyə Nazirliyi; Ədliyyə Nazirliyi; Xarici İşlər Nazirliyi; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi; Dövlət Statistika Komitəsi; yerli icra hakimiyyətləri orqanları; İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi; Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası; Milli Televiziya və Radio Şurası; Gənclər Fondu tərəfindən yerinə yetirilir.

Gənclər arasında maarifləndirməni yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, televiziya və radio yayımçıları, qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər də həyata keçirə bilərlər. Gənclər arasında maarifləndirmə Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında”, “Gənclər siyasəti haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir - erkən nikah – 18 yaşadək şəxslə bağlanılmış nikah; qohumlar arasında nikah – baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında bağlanılmış nikah; erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri – erkən və qohumlar arasında nikahın tibbi, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadları.

Qaydada istifadə olunan digər anlayışlar Ailə Məcəlləsində, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda və bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.

Gənclər arasında maarifləndirmə insan hüquqlarına və azadlıqlarına hörmət edilməsi; ayrı-seçkiliyə yol verilməməsi; şəxsi və ailə həyatı sirrinin qorunması məqsədilə konfidensiallığa riayət edilməsi; ailə dəyərlərinin milli və ümumbəşəri prinsiplər əsasında təbliği; erkən nikahın və qohumlar arasında nikahın fəsadlarının elmi cəhətdən əsaslandırılması; dövlət orqanlarının (qurumlarının), qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin qarşılıqlı əməkdaşlığı; maarifləndirilən şəxslərin yaş və cins xüsusiyyətləri nəzərə alınmaqla maarifləndirmənin ünvanlı keçirilməsi; beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və beynəlxalq təcrübənin nəzərə alınması prinsipləri əsasında həyata keçirilir.

Gənclər arasında maarifləndirmə təhsil müəssisələrində və əmək kollektivlərində gənclər arasında maarifləndirmə ilə bağlı tədbirlərin keçirilməsi; maarifləndirici və metodoloji vəsaitlərin, sosial reklamların hazırlanması və yayılmasının təşkili; kütləvi informasiya vasitələrinin, sosial medianın, təhsilin imkanlarından geniş istifadə edilməsi; internet informasiya resurslarının yaradılması vasitələrilə həyata keçirilir.

Gənclər arasında maarifləndirmənin əsas istiqamətləri bunlardır - gənclər arasında ailə dəyərlərinin təbliği; gənclər arasında sağlam həyat tərzinin təbliği; ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı; erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi; erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması üzrə tədbirlərin həyat keçirilməsi; gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması; gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi.

Gənclər arasında maarifləndirmə sahəsində aşağıdakı vəzifələri yerinə yetirirlər:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi:

Gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran tədbirlər keçirir, maarifləndirici vəsaitlər, sosial reklamlar hazırlayır və onların dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, qeyri-dövlət təşkilatları və gənclər arasında yayılmasını təşkil edir; Tabeliyindəki uşaq və ailələrə dəstək mərkəzlərinin vasitəsilə əhali arasında maarifləndirmə işini təşkil edir; Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair tədqiqatlar aparır, onların nəticələri ilə ictimaiyyəti tanış edir;

Gənclər və İdman Nazirliyi:

Gənclərin və valideynlərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran tədbirlər keçirir, maarifləndirici vəsaitlər, sosial reklamlar hazırlayır, onların gənclər arasında yayılmasını təşkil edir; gənclər arasında maarifləndirmənin həyata keçirilməsində yerli özünüidarəetmə orqanlarına təşkilati və metodiki kömək göstərir; tabeliyindəki “Gənclər evi” sosial xidmət müəssisələri vasitəsilə gənclər arasında maarifləndirmə işini təşkil edir;

Təhsil Nazirliyi:

9-11-ci siniflər üçün nəzərdə tutulmuş dərsliklərə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil edir; təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsini təşkil edir; maarifləndirici və metodoloji vəsaitlərin dərc edilməsini təşkil edir; erkən nikahın və qohumlar arasında nikahın gənclərin həyat və sağlamlığına təhlükəsi barədə valideynlər arasında təbliğat işini təşkil edir;

Azərbaycan Respublikasının Gənclər Fondu:

tabeliyindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri vasitəsilə maarifləndirməni həyata keçirir; maarifləndirici vəsaitlərin və sosial reklamların hazırlanmasında iştirak edir;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan gənclərin dünyagörüşünün genişləndirilməsinə, onların informasiya təminatının yaxşılaşdırılmasına yardım edən tədbirlər həyata keçirir, əmək kollektivlərində, sosial xidmət müəssisələrində bu istiqamətdə maarifləndirmə işləri aparır; gənclər arasında erkən nikahdan və qohumlar arasında nikahdan olan uşaqların sağlamlığına mənfi təsirinə dair maarifləndirmə işi aparır.

Ədliyyə Nazirliyi (qeydiyyat şöbələri vasitəsilə), Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (xarici ölkələrdəki konsulluq idarələri vasitəsilə) və yerli icra hakimiyyəti orqanları (icra nümayəndəlikləri vasitəsilə) nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılmasını təmin edir;

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi:

Gənclərin dünyagörüşünün genişləndiriməsinə yardım edən tədbirlər keçirir, elmi tədqiqatlar aparır və onların nəticələri ilə ictimaiyyəti tanış edir; maarifləndirici vəsaitlər hazırlayır və tabeliyində olan tibb müəssisələri vasitəsilə onların yayılmasını təşkil edir; gənclərin və onların valideynlərinin erkən nikahın və qohumlar arasında nikahın tibbi fəsadları barədə məlumatlandırılması məqsədilə tədbirlər görür; erkən nikaha daxil olmuş gənclərə psixoloji dəstəyin göstərilməsi və onların reproduktiv sağlamlıq sahəsində maarifləndirilməsi üçün tədbirlər görür.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

18 yaşadək və 18-29 yaşında olan gənclər, o cümlədən qohumlar arasında nikaha daxil olma və bu cür nikahın pozulması halları barədə statistik məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir.

Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası gənclər arasında maarifləndirmə sahəsində təşviqedici proqramların hazırlanması üçün “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada sifarişlər verir.

Teleradio fəaliyyətini həyata keçirən dövlət və ictimai yayımçılar, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Baku Bus” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər ictimai sərnişindaşıma xidməti göstərən dövlət qurumları “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada gənclər arasında maarifləndirmə sahəsində sosial reklamların yayımlanmasını təmin edirlər.

Bu Qaydanın 1.2-ci bəndində göstərilən dövlət orqanları (qurumları) gənclər arasında maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər barədə məlumatları hər ilin 20 dekabr tarixinədək Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməli və özlərinin rəsmi internet saytlarında yerləşdirməlidirlər.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu Qaydanın 1.2-ci bəndində göstərilən orqanlardan (qurumlardan) daxil olan məlumatları ümumiləşdirir və hər növbəti il yanvarın sonunadək özünün rəsmi internet saytında dərc edir və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.

Gənclər arasında maarifləndirmə sahəsində tədbirlərin maliyyələşdirilməsi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi,

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Gənclər Fondu gənclər arasında maarifləndirmə sahəsində hüquqi və fiziki şəxslərin proqramlarının və layihələrinin maliyyələşdirilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirirlər.

Tədbirlərin maliyyələşdirilməsi bu Qaydanın 1.2-ci bəndində qeyd edilən dövlət orqanları (qurumları) üçün müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində gənclərin maarifləndirilməsi sahəsində nəzərdə tutulmuş vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR