Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib - YENİLƏNİB
  • Clock-gray 14:02
  • calendar-gray 05 Avqust 2020

Dövlət İmtahan Mərkəzi bu gün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının I mərhələsini keçirib.

DİM-dən APA-ya verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunub.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 7 imtahan binası, 110 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 142 nəzarətçi–müəllim, 14 buraxılış rejimi əməkdaşı cəlb olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

Avqustun 6-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Rezidenturaya qəbul imtahanının (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apelyasiya komissiyasına 7-9 avqust 2020-ci il tarixlərində müraciət edə bilərlər

***

08:00

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir.

Dövlət İmtahan Mərkəzindən APA-ya bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Bildirilib ki, imtahanda iştirak etmək üçün 1525 namizəd ərizə təqdim edib. Onlardan 1346 nəfər Azərbaycan, 179 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 539 nəfəri oğlan, 986 nəfəri isə qızdır. Namizədlərdən 447-si cari ilin, 1078-i isə əvvəlki illərin məzunudur, 13 nəfər xarici ölkə vətəndaşıdır.

Əsmər Qabil

Digər xəbərlər