ƏƏSMN şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı elektron yeniliklərini təqdim edib

ƏƏSMN şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı elektron yeniliklərini təqdim edib
# 14 dekabr 2020 12:06 (UTC +04:00)

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyində şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı proaktiv xidmətlər də daxil olmaqla, növbəti elektron yeniliklərin təqdimatı keçirilib.

APA-nın məlumatına görə, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Nazirlik Vətən müharibəsi şəhidlərinin ailələri, müharibədə yaralanmış qəhrəmanlarımızın sosial dəstəklə əhatə olunması üçün plan üzrə işlər aparır.

O qeyd edib ki, Nazirliyin əməkdaşları hər bir şəhid ailəsi, yaralanmış, itkin düşmüş hərbçilərin ailələri ilə görüşərək, dəstək tədbirləri görür: "Şəhid ailələrinə Prezidentin aylıq təqaüdlərinin, pensiya və ya müavinətlərinin təyinatları aparılır. Son bir həftədə şəhidlərin artıq 1200-ə qədər ailə üzvünə təqaüd, pensiya, müavinət təyinatları aparılıb və proses davam edir. Qeyd edilən vətəndaşlara ünvanlı yardım, məşğulluq və özünüməşğulluq proqramları, psixoloji xidmətlər çərçivəsində də dəstək işləri görülür".

F.Talıbov vurğulayıb ki, Nazirliyin elektronlaşma proqramının icrasında da həssas qruplar, şəhid ailələri ilə bağlı xidmətlərin elektronlaşdırılması diqqətdə saxlanılır: "Ötən ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların, sonralar bir çox müavinət və təqaüdlərin e-qaydada təyinatına başlanıb. Həmin vaxtdan bu ilin 1 dekabrına qədər 120 minədək şəxsə pensiya və müavinət, təqaüd e-qaydada təyin olunub".

Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkbərov isə qeyd edib ki, bu gün daha 4 proaktiv xidmət, 2 elektron xidmət və 5 e-arayış xidməti təqdim edilir.

O, yeni 4 proaktiv xidmətin aşağıdakılar olduğunu deyib: "Milli Qəhrəmana və ya ailə üzvlərinə müavinət və təqaüdlərin təyin edilməsi, şəhid ailəsi üzvlərinə müavinət və təqaüdlərin təyin edilməsi, məcburi dövlət sosial sığorta haqları hesabına uşağın anadan olmasına görə birdəfəlik müavinətin verilməsi, sığortaolunanın ölümünə dair məlumatın təqdim edilməsi xidməti. Yeni 2 e-xidmət isə dövlət sosial sığorta sistemində xüsusi hesabın aktivləşdirilməsi və dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu elektron xidmətidir".

K. Əkbərovun sözlərinə görə, yeni 5 e-arayış xidmətləri isə Milli Qəhrəman ailə üzvü olması barədə, şəhid ailə üzvü olması barədə, əmək veteranı olması barədə, fəxri adının olması barədə və övladlığagötürmə barədədir.

O, e-sosial internet portalının imkan və funksionallıqlarının daim genişləndirildiyini vurğulayıb: "Bu sahədə daha bir addım kimi, portalda reyestr və arayışların tərkibinə Milli Qəhrəmanların, onların ailə üzvlərinin, şəhidlərin və onların ailə üzvlərinin, əmək veteranlarının, fəxri ad və fərdi təqaüd alanların, I qrup əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edən şəxslərin, sosial tərəfdaşlar tərəfindən edilmiş yardımların reyestrləri də əlavə edilib. Beləliklə, Nazirlik üzrə e-xidmətlərin sayı 58-ə çatır ki, onlardan, 31-i proaktivdir, e-arayış xidmətlərinin sayı isə 20-yə çatır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR