Vətən müharibəsi şəhidlərinin məzarı ziyarət olunub

Vətən müharibəsi şəhidlərinin məzarı ziyarət olunub
# 16 mart 2021 17:31 (UTC +04:00)

Martın 15-də Novruz bayramı ərəfəsində və İlaxır çərşənbəsi günü xalqımızın adət və ənənələrinə uyğun olaraq Səbail rayonu, Badamdar qəsəbəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının məzarları RİH başçısı Vüqar Zeynalov, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət olunub.

APA-nın məlumatına görə, əvvəlcə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin məzarları və onların xatirəsinə quraşdırılan abidə lövhəsinin önünə gül dəstələri qoyulmuş və ruhlarına dualar oxunub.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirib ki, Vətən müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaq: “Bu, o müharibədir ki, dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitdi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri idi. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı”.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Səbail rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə mütəmadi olaraq xüsusi diqqət və qayğı göstərilir. Vətən müharibəsində şəhid olanların hər birinin ailə üzvlərinə baş çəkilir, onları narahat edən problemlərini dinlənilir. RİH tərəfindən yaradılmış işçi qrupu tərəfindən qazi ailələri ilə evlərində görüşərək onların qayğıları, səhhətləri, müalicələrinin gedişi ilə maraqlanılır, qaldırılan məsələlər yerindəcə həll edilir.

Ölkə başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər abidəsi” ətrafında abadlıq işləri aparılıb. Eyni zamanda abidəyə aparan yolda yeni asfalt örtüyü çəkilib, yaşıllıq zolaqları salınıb, müxtəlif növ həmişəyaşıl ağaclar və gül kolları əkilib.

Şəhidlərin ailə üzvləri Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinin rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə edib, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR