Vüqar Bayramov: "Hüquqi şəxslərin vəsaitlərinin sığortalanması mexanizminin hazırlanmasına ehtiyac var"

Vüqar Bayramov: "Hüquqi şəxslərin vəsaitlərinin sığortalanması mexanizminin hazırlanmasına ehtiyac var"
# 11 dekabr 2020 12:04 (UTC +04:00)

“Əmanətlərin sığortalanması ilə bağlı təklif edilən mexanizm məsuliyyətin, fiskal öhdəliyin daha çox iki tərəf - dövlət və müştərilər arasında bölüşdürülməsini nəzərdə tutur. Praktik olaraq bu istiqamətdə sektorun məsuliyyəti müəyyənləşmir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, qorunan əmanətlər dövlət mənbəsi hesabına qarşılanır, digərləri isə əksər hallarda ödənilmir, yəni, müştərinin öhdəliyində qalır: “Baxmayaraq ki, depoziti cəlb və ondan gəlir əldə edən tərəf sektordur, yəni banklardır. O baxımdan, sığortalanan məbləğ ilə bağlı rəqəmlərin dəyişdirilməsi mexanizmin təkmilləşdirilməsi anlamına gələ bilməz. Daha məqsədə uyğun olar ki, əksər inkişaf edən ölkələrdə olduğu kimi, əmanətlərin qaytarılmasında sektorun öhdəlikləri aydın şəkildə müəyyənləşsin və buna nəzarət edilsin. Təklif edilən layihədə steykholder yanaşması yoxdur. Yenə də dövlət əsas fiskal yükü öz üzərinə götürür və digər əksər steykholderlərin, xüsusən də bank sektorunun aktorları fiskal öhdəlikli steykholderlər kimi nəzərə alınmır. Son müflis olan 4 bankda kreditlərin 60 faizindən çoxunun təminatsız olması həmin banklarda qorunmayan əmanətlərin qaytarıla biləcəyi ilə bağlı müəyyən tərəddüdlər formalaşdırıb. Bank müfis olduqdan sonra o öhdəliklərin yerinə yetirilməsi ilə qorunan əmantlərin qaytarılmasına məsul olan qurum məşğul olur. O baxımdan, təklif ediləcək mexanizm eyni zamanda kredit öhdəlikləri yaranan zaman nəzarət mexanizmini də nəzərdə tutmalı və potensial ləğvedici qurum o prosesdə dolayı olsa da iştirak etməlidir. Belə nəzarət formalaşarsa, hətta qorunmayan əmanətlərin də qaytarılması mümkün ola bilər. Fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması üçün kompensasiya müsbət məqamdır. Amma kompensasiya məbləği kiçik müəyyənləşib. Hazırda bu kateqoriya üzrə banklarda vəsaitlərin həcminin cəmi 110 milyon manat olduğunu və 20 min manata qədər olan hissənin 50 milyon manat təşkil etdiyini nəzərə alsaq, burada daha böyük məbləğin müəyyənləşdirilməsi fiskal baxımdan böyük öhdəlik yaratmayacaq. Bu məbləğin 20 min deyil, 50 min manat müəyyənləşdirilməsi fiskal baxımdan çətinlik yarada bilməzdi”.

Deputat qeyd edib ki, hüquqi şəxslərin vəsaitlərinin sığortalanması mexanizminin işlənib hazırlanmasına ehtiyac var: “Bir tərəfdən, vəsaitlərin nağdlaşdırılması ilə bağlı limitlər var, nağdsız hesablaşmaların genişləndirilməsi baxımdan bu, yaxşıdır, amma digər tərəfdən bank müflis olan zaman sahibkarlar öz vəsaitlərini geri ala bilmir. Bu vəsaitlərin məbləğlərinin limitli və mərhələli şəkildə banklar tərəfindən üçüncü (dövlət olmayan) tərəf vasitəsi ilə sığortalanması mexanizminin işlənib hazırlanması və tətbiqinə ehtiyac var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR