Xəsarət olmayan qəzada hadisə yerini tərk edən sürücü məsuliyyətə cəlb olunmayacaq

Xəsarət olmayan qəzada hadisə yerini tərk edən sürücü məsuliyyətə cəlb olunmayacaq
# 23 fevral 2021 12:24 (UTC +04:00)

Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilməyəcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni - 7-1-ci maddə əlavə edilib.

Layihəyə görə, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilməyəcək.

Qeyd edək ki, 327.6-cı maddə - yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilməsini nəzərdə tutur.

Bu dəyişiklik avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək məqsədi daşıyır.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR