Yaxın 10 ildə Azərbaycanda iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılacaq

Yaxın 10 ildə Azərbaycanda iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılacaq
# 02 fevral 2021 14:31 (UTC +04:00)

Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapıb.

Bildirilib ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə aşağıdakı iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır:

- yüksək keyfiyyətli ekoloji mühit;

- yaşıl enerji məkanı.

Qeyd olunub ki, ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır:

“Gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılmalıdır. Bu məqsədlə ölkədə ümumi ərazidə yaşıllıqların payı artırılmalıdır.

İqtisadi artımla ekoloji mühit tarazlı olmalıdır. Ölkədə yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslarımız bərpa edilməlidir. Ölkənin keyfiyyətli suya tələbatı su resurslarından səmərəli istifadə etməklə ödənilməlidir.

Strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaqdır. Bunu nəzərə alaraq, ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir.

İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmalı və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR