DSX və "ASAN Xidmət"in birgə təşkilatçılığ ilə “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsi açılıb

DSX və "ASAN Xidmət"in birgə təşkilatçılığ ilə “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsi açılıb
# 18 sentyabr 2019 10:43 (UTC +04:00)

"Dövlət Sərhəd Xidmətinin fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi mühüm yer tutur və bu istiqamətdə müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir".

APA xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenan Azad Ələkbərov “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin açılışı zamanı çıxışı zamanı bildirib. Rəis müavini düşərgə iştirakçılarını Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin adından salamlayıb. O qeyd edib ki, builki düşərgə Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümü qeyd edilən ərəfəyə təsadüf edir. A. Ələkbərov qeyd edib ki, vətənpərvərlik tədbirləri sırasında sərhədyanı rayonların şagirdləri arasında keçirilən “Sərhəd” hərbi-idman oyunlarını, minlərlə məktəblinin iştirakı ilə müxtəlif nominasiyalar üzrə yaradıcılıq müsabiqələrini qeyd etmək olar: "Dövlət Sərhəd Xidməti Vətənimizin sərhədlərinin toxunulmazlığını təmin etməklə, ümummilli və ümumdövlət maraqlarına daim sədaqətlə xidmət göstərməklə yanaşı, istirahət və təhsil problemlərinə biganə qalmır, ölkəmizdə sosial inkişaf proqramlarının, müxtəlif layihələrin uğurla həyata keçirilməsində iştirak edir. Hazırda açılış mərasiminə toplaşdığımız layihənin də əsas məqsədi gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların istirahətinin mənalı təşkil edilməsidir".

Azad Ələkbərov bildirib ki, ölkə Prezidenti İlham Əliyevin ideyası ilə yaranan "ASAN Xidmət" artıq ölkəmizin brendinə çevrilib və çoxsaylı uğurlu nəticələrə nail olub: "Qürurverici haldır ki, dünyanın bir çox qabaqcıl ölkələri ASAN Xidmətin təcrübəsinə maraq göstərir, onu öz ölkələrində tətbiq edir. ASAN Xidmətin əldə etdiyi bu nailiyyətlərdə könüllülərin xidməti, rolu danılmazdır. Əvvəllər də Dövlət Sərhəd Xidməti ilə ASAN Xidmət Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə “Hərbiyyə” vətənpərvərlik düşərgələri təşkil olunub. Builki “Hərbiyyə” vətənpərvərlik düşərgəsi əvvəlkindən fərqli olaraq ölkəmizin dəniz sərhədlərinin mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bazasında təşkil olunub. “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin fəaliyyət göstərdiyi iki gün ərzində gənclər Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa olunaraq döyüş sıralarına daxil edilən mürəkkəb şəraitdə sürətli üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raket və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri ilə təchiz olunmuş “Tufan” və “Şahdağ” sərhəd gözətçi gəmiləri ilə tanış olacaq, hərbi hazırlıq üzrə müxtəlif tapşırıqları icra edəcək, Sahil Mühafizəsinin bazası, dənizçi sərhədçilərin xidmət və məişət şəraiti ilə yaxından tanış olacaqlar. Bunun üçün hər cür şərait yaradılıb. Düşərgənin fəaliyyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin diqqət mərkəzindədir".

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev isə bildirib ki, sərhədçi olmaq həqiqətən qürurverici və şərəflidir: "Sərhədçi olmaq hərbi xidmətin ən romantik hissəsidir. Çünki burada vətənin təbiətini, suyunu, daşını, torpağını daha gözəl hiss edə bilirsən və bu səndə köklü bir məhəbbət yaradır".

Ü. Mehdiyev qeyd edib ki, könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçirilib. O layihələrdən biri də "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin təşkil olunmasıdır: "Bugünkü artıq beşinci düşərgədir. Düşərgələrdən üçü bu il ərzində təşkil olunub. Builki düşərgələr Prezident İlham Əliyevin dəstəyi və könüllülərin müraciəti əsasında baş tutub. Artıq hər mövsümlə əlaqədar bu düşərgələr təşkil olunacaq".

Qeyd edək ki, sentyabrın 19-dək davam edəcək düşərgə ilk dəfə olaraq gəmilərdə və hərbi simulyasiya formatında həyata keçiriləcək. Layihə çərçivəsində iştirakçılar Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində “Tufan” tipli gəmilərdə təlimatlandırılmaqla yerləşdiriləcəklər. Həmçinin iştirakçılar dənizə çıxış, atış poliqonuna hərəkət, poliqonda yarışların keçirilməsi, rabitə danışıqları üzrə məlumatın kodlaşdırılması və deşifrə edilməsi, dəniz düyünlərinin bağlanması, “Valiant” tipli qayıqlarla müəyyən məsafədə estafetin keçirilməsi, simulyator vasitəsi ilə artilleriya atışının, 23-mm-lik “TAYFUN” silahından atışın icra edilməsi və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Gənc könüllülərin iştirakı ilə sıra meydanında yarışın təşkili və Sahil Mühafizəsinin Heydər Əliyev adına İdeoloji Mərkəzi, Klubu, Tədris Mərkəzi və muzeyinə ekskursiyaların təşkili nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR