Mahir Məmmədov: “Fəxr edirik ki, Azərbaycanda Aydın kimi brilyant yetişir”

Mahir Məmmədov: “Fəxr edirik ki, Azərbaycanda Aydın kimi brilyant yetişir”
# 28 fevral 2020 11:28 (UTC +04:00)

“Biz fəxr edirik ki, Azərbaycanda Aydın kimi brilyant yetişir”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.

Eyni zamanda FİDE-nin vitse-prezidenti olan qurum rəsmisi "Sport-express" nəşrinə Aydın Süleymanlının Rusiyada keçirilən “Aeroflot Open” turnirinin qalibi olmasına münasibət bildirib: “O, bu yaxınlarda 14 yaşadək şahmatçılar arasında dünya çempionu olub. Bu uğur böyük idmanda əldə edilməsə də, yüksək idman nailiyyəti olmasa da, Aydını ölkə prezidenti İlham Əliyev və vitse-prezident, birinci xanım Mehriban Əliyeva təbrik edib. O, ötən il 16 yaşadək şahmatçılardan ibarət komandaya Türkiyədəki Olimpiadada qalib olmağa kömək etməklə, bu təbrikləri doğrultdu. Bir sözlə, biz onun imkanlarını çox gözəl bilirik. Süleymanlı ilə çox və düzgün şəkildə işləyirlər. Onunla fərdi olaraq bacarıqlı pedaqoq qrossmeyster Fərid Abasov məşğul olur. Yeni, demək olar ki, üçüncü güclü şahmatçılar nəsli yetişir. Eyni zamanda, qızlar da çox güclü inkişaf edir. Çoxdan bizdə həm kişi, həm qadınlarda belə nəsil olmayıb”.

M.Məmmədov şahmatçımızın reytinqinə görə “Aeroflot Open”in A turnirinə buraxılmalı olmaması, lakin güzəştlə yarışa qatılması və bəzilərinin buna mənfi yanaşmasından da danışıb: “Aydın A turnirində oynamamalı idi (reytinqə görə keçmirdi). Amma biz ona kömək edərək səfərə göndərdik. Onun birinci mükafatı götürəcəyi barədə söhbət də yox idi. Təşkilatçılar sağ olsunlar ki, yarışa buraxdılar. O, bu hüququ öz uğurları ilə haqq etmişdi. Aydın öz oyunu ilə onlara təşəkkür etdi. İndi bütün şahmat dünyası onun barədə xoş sözlər deyir və bu da bizi sevindirir. Amma xoş olmayan məqam da var. Kimlərsə onu fırıldaqda ittiham edir. Bu, təhqiramizdir. Çünki Aydın hər şeyi hamıya öz istedadı ilə sübut edib. 14 yaşında heç bir Azərbaycan təmsilçisi belə böyük turnirdə qalib gəlməyib. Həm də belə bir turnir heç vaxt belə gənc qalib görməyib. Onu təbrik edirəm”.

Qeyd edək ki, Aydın Süleymanlı 9 turdan 6,5 xal toplayaraq, çempion adını qazanıb. O, rəqiblərini əlavə göstəricidə üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR