Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov FİDE reytinqində mövqelərini qoruyublar

Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov FİDE reytinqində mövqelərini qoruyublar
# 30 sentyabr 2019 16:50 (UTC +04:00)

FİDE yeni reytinq cədvəlini açıqlayıb.

APA-nın məlumatına görə, oktyabr üçün müəyyənləşən siyahıda Azərbaycanın 7 şahmatçısı yer alıb.

Hazırda Rusiyada keçirilən Dünya Kuboku başa çatmadığından onun nəticələrinin əks olunmadığı cədvəldə ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. Hesabında 2767 xalı olan 34 yaşlı qrossmeyster yenə dünyanın yeddincisidir. Onun mövqeyi dəyişməz qalıb.

Milli üzvlərindən Teymur Rəcəbov da yerini qoruyub. Dünya Kubokunun finalında oynayan qrossmeyster 2758 xalla 15-ci pillədə qərarlaşıb.

Bu şahmatçılardan fərqli, Qədir Hüseynov böyük irəliləyişə nail olub. Aktivini 2660 xala çatdıran şahmatçı 11 pillə irəliləyərək, 86-cı yerə yüksəlib.

Qadınların “Top-100”ündə isə təmsilçilərimizin sayı 4-ə çatıb. Yığma üzvlərindən Günay Məmmədzadə (2427) 38-ci, Gülnar Məmmədova (2369) 97-ci, Xanım Balacayeva (2368) 98-ci və Ülviyyə Fətəliyeva (2368) 99-cu pillədə yer alıb. G. Məmmədova və X. Balacayeva fasilədən sonra ən güclülər sırasına qayıdıblar.

Qeyd edək ki, kişi şahmatçıların siyahısında Maqnus Karlsen (Norveç, 2876), qadın zəka sahiblərinin cədvəlində isə Yifan Hou (Çin, 2659) liderdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR