Faiq Qarayev: “İşimiz klubları bərpa etməkdir”

Faiq Qarayev: “İşimiz klubları bərpa etməkdir”
# 15 dekabr 2022 17:23 (UTC +04:00)

“Azərbaycan voleybolu həmişə inkişafda olub”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib.

O, ölkə çempionatının bugünkü açılış mərasimindən sonra jurnalistlərə açıqlama verib: “İndi bizim işimiz klubları bərpa etməkdir. Pandemiya dövründə klublar bağlandı. 36 komanda ölkə çempionatında oynayacaq. Superliqaya daha çox – 8 komanda buraxa bilərdik. Amma biz onları inkişaf etdirmək istəyirik. Həm kişilərdə, həm qadınlarda 16 komanda birinci dəstədə çıxış edəcək. Federasiya gələn il üçün minimum 6, maksimum 8 klubun Superliqada olmasını planlaşdırır. Gənclər və İdman Nazirliyinin də böyük köməkliyi var. Avropa çempionatının təsnifat mərhələsində bizə çox kömək etdilər. Cavid Qurbanovun böyük rolu, Milli Olimpiya Komitəsinin dəstəyi var. Biz nazirlik və MOK-la çox sıx əməkdaşlıq edirik. Klubların yaradılmasında sponsor lazımdır. Tədbirlər planı var və bu istiqamətdə işlər görürük”.

Qarayev milli komandaların çıxışına da toxunub: “Milli komandalara gəlincə, uğurlar pis deyil. Qadınlar Avropa çempionatının final mərhələsinə yüksəlib, kişilər İslam Həmrəyliyi Oyunlarında 3-cü yeri tuta bilərdilər, amma 4-cü oldular. Gənc oyunçular çoxdur. Rayonlardan Cəlilabad, Masallıdan, Şəkidən gələn voleybolçular var. Prezidentimiz həmişə idmana dəstək olub. Bu, gördüyünüz zalda da problem var idi. Cənab prezident eşidən kimi həmin gün bu idman kompleksi federasiya və idman nazirliyə qaytarıldı. İndi biz buradan istifadə edirik. Ən xoşagələn məqam gənclərin çoxluğudur. 10-12 yaşlarında 100-120-yə yaxın voleybolçu var. İnkişaf davam edir. Heç vaxt neqativ düşünməyəcəyik. Çətinlik də olacaq. Müharibədən, pandemiyadan çıxan ölkəyik. Buna baxmayaraq, bütün federasiyalar arasında rəqabət yaranıb. Basketbol federasiyasını təbrik edirəm. Çox gözəl iş qurulub. Bütün federasiyalara da, bizim çempionata da uğurlar arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR