Əbülfəs Qarayev: “Bölgələrdə fəaliyyət göstərən yerləşdirmə obyektlərindən yalnız 30 faizi müasir tələblərə və müvafiq standartlara cavab verir”

Əbülfəs Qarayev: “Bölgələrdə fəaliyyət göstərən yerləşdirmə obyektlərindən yalnız 30 faizi müasir tələblərə və müvafiq standartlara cavab verir”
# 30 sentyabr 2010 13:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyinin bölgələrdə keçirdiyi monitorinq zamanı bəzi problemlər ortaya çıxıb. APA-nın məlumatına görə, bu problemlər haqqında məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, bölgələrdə baxış keçirən mütəxəssislərin araşdırmaları zamanı bəzi nöqsanlar aşkarlanıb: “Məlum olub ki, sahibkarlar tərəfindən mövsümün başlanması ilə bağlı reklam işi zəif aparılır, eyni zamanda bölgədə obyektlərin əksəriyyətinin turizm şirkətləri ilə birgə işləmək təcrübəsi çox aşağı səviyyədədir. Sahibkarlar mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində işçilərin peşə hazırlığı səviyyəsinin artırılmasına maraq və təşəbbüskarlıq göstərmirlər. Bununla bərabər, fəaliyyət göstərən yerləşdirə obyektlərinin əksəriyyəti həm primitiv şəkildə tikilib, həm də bu obyektlərdə çalışanların peşə hazırlığı demək olar yox səviyyəsindədir. Turistlərin istirahətlərinin səmərəli keçirilməsi üçün obyektlərdə əlavə xidmətin göstərilməsi nəzərə tutulmayıb və bu xidmətləri göstərmək istəyən obyektlər isə məlumatlandırma işi lazımi səviyyədə təşkil edilməyib”.

Bölgələrdəki mövcud turizm problemlərindən danışan nazir bildirib ki, mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin sahiblərinə turizm vərdişlərinin və idarəetmənin öyrədilməsi səviyyəsi çox aşağıdır: “Onu da əlavə etmək istərdim ki, bu araşdırmalar nəticəsində aşkar olunan problemlər arasında yerləşdirmə obyektlərində müştərilərə reklam, çap məhsullarının təşviq olunmaması, online bronlaşdırma sistemindən və yeni elektron texnologiya vasitələrindən istifadənin səviyyəsinin aşağı olması da var”. Nazir qeyd edib ki, ümumilikdə baxış keçirilən bölgələrdə fəaliyyət göstərən yerləşdirmə obyektlərindən yalnız 30 faizi müasir dövrün tələblərinə və müvafiq standartlara cavab verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR