Özbəkistan: Unudulmaz turizm ölkəsi - REPORTAJ

Özbəkistan: Unudulmaz turizm ölkəsi - REPORTAJ
# 18 iyun 2022 17:57 (UTC +04:00)

Bu gün turizm dünya iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib. Bu baxımdan Özbəkistan turizm sənayesinin müasirləşdirilməsinə, sənayenin davamlı inkişafı üçün normativ-hüquqi bazanın inkişafı və təkmilləşdirilməsinə, xarici qonaqlara xidmətin beynəlxalq standartlara uyğun təşkilinə xüsusi diqqət yetirir. Müstəqillik illərində xalqın tarixi-mədəni irsinin qorunub saxlanması və genişləndirilməsi, milli adət-ənənələrin dirçəldilməsi, respublikanın görməli yerlərinin bərpası və abadlaşdırılması ilə yanaşı, ölkədə bu sahədə mühüm irəliləyiş olub.

Özbəkistanın mədəni-tarixi irsini görmək və onlarla tanış olmaq məqsədilə Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Daşkənd, Səmərqənd və Buxaranın görməli yerlərini gəzməkdən ibarət zəngin proqramla press-tur təşkil olunub.

İlk məkan - paytaxt Daşkənd

Özbəkistanın paytaxtı Daşkənd təkcə müasir şəhər deyil, həm də Orta Asiyanın dərin tarixə malik, turistlərin səfəri edə biləcəyi qədim İslam mərkəzlərindən biridir.

Press-turun ilk günü Xəzrəti-İmam kompleksinin ziyarəti ilə başladı. Daşkəndin mənəvi abidələrindən biri, xalq arasında “Xəst-İmam” adlandırılan “Xəzrəti-İmam” ansamblıdır. Meydan 1966-cı ildə çox güclü zəlzələdən sağ çıxan köhnə şəhərin kənarında yerləşir. Kompleks Daşkəndin birinci imamı - alim və din xadimi olan Kaffal Şaşinin dəfn olunduğu yerin yaxınlığında tikilib. Kompleks Tillya-Şeyx məscidi, Əbu Bəkr Kaffal Şaşi məqbərəsi, Barak Xan mədrəsəsi və İmam əl-Buxari İslam İnstitutundan ibarətdir.

Həmçinin, Həzrət İmam kompleksinə bütün Özbəkistan müsəlmanlarının ruhani idarəsinin binası daxildir ki, onun yanında 19-cu əsrdə tikilmiş Cümə məscidi yerləşir. Məscidlə üzbəüz 16-cı əsrə aid illüstrasiyaları olan nadir əlyazmaların yer aldığı zəngin mənəvi ədəbiyyat kolleksiyasına malik kitabxana var. Kitabxana fondu arasında şərq xəttatlığının nadir nümunələri, xarici ölkələrin rəhbərləri tərəfindən Ruhani İdarəyə hədiyyə edilən zəngin Quran nüsxələri var.

Burada - Muyi Muborak mədrəsəsində yerləşən Osmanın Quranı adlandırılan Quranın bu günə qədər gəlib çatan yeganə orijinal əlyazması saxlanılır. Bunu UNESCO-nun verdiyi sertifikat sübut edir.

Hər il minlərlə turist mədrəsəni ziyarət etməyə tələsir və təsadüfi deyil ki, binanın özü və orada saxlanılan əlyazma böyük mədəni, tarixi və dini dəyərə malikdir.

İkinci ziyarət olunan məkan "Suzuk-ota" kompleksi oldu. Bu kompleks turizm mərkəzinə çevrilməkdədir.

Suzuk-ota Xoca Əhməd Yəsəvinin sevimli nəvəsi olub. Daşkənddə indiki Beşağaç massivinin ərazisində, Çukur Küprik, Mirlər və Çakar məhəllələri arasında yaşayıb fəaliyyət göstərib. Suzuk-ota Mustafokulinin həyatı xalqa xidmət nümunəsi olub, insanlar arasında biliyin, sənətin yayılmasında çox işlər görüb.

Böyük Əmir Teymur tərəfindən 1363-1364-cü illərdə Suzuk otanın şərəfinə məqbərə və məscid tikilib. Bu gün bu nadir tarixi-memarlıq abidəsi ecazkar ziyarət yerinə çevrilib.

Teymurilər Tarixi Dövlət Muzeyi

Teymurilər dövrü ilə müasir memarlıq üslublarının sintezi olan muzeyin binası 1996-cı il oktyabrın 18-də açılıb. Muzey Əmir Teymurun 660 illik yubileyi münasibətilə Daşkəndin mərkəzində ucaldılıb.

Mavi mayolika ilə bəzədilən iri yivli günbəzi, damında parapetləri, açıq eyvanı və nazik sütunları olan dairəvi formaya malikdir. Sütunların, döşəmələrin və ön pilləkənlərin bəzədilməsində ağ mərmərdən istifadə edilib. Günbəz içəridən rənglənib, nazik qızıl yarpaq təbəqəsi ilə örtülüb.

Bina üç mərtəbəlidir: birinci mərtəbə ofis üçün nəzərdə tutulub, muzeyin ekspozisiyası isə ikinci və üçüncü mərtəbələrdə yerləşir. Əsas zalın mərkəzində müsəlmanların məşhur müqəddəs kitabı - Osmanın Quranının nüsxəsi var.

1996-cı ildə bir qrup özbək rəssamı tərəfindən hazırlanan “Böyük Teymur – Böyük Yaradan” adlı miniatür üslubunda böyük panno da muzeyə gələnləri heyran edir.

Şəkil Əmir Teymurun anadan olduğu andan ölümünə qədərki həyatını əks etdirir.

Muzey yarandığı ilk günlərdən elmi fikir və maarifləndirmə işinin mərkəzinə çevrilib. Muzeyin eksponatları böyük tarixi dəyərə malikdir. Bunlar zərgərlik məmulatları, silahlar, hərbi rəhbərlərin və sıravi əsgərlərin geyimləri, musiqi alətləri, Uluqbəyin astronomik alətləri və Teymurilər dövrünə aid bir çox digər mədəni dəyərlərdir.

Muzeyin ekspozisiyasında həmçinin, Böyük İpək Yolu ilə Əmir Teymurun dövlətinə gələn arxeoloji, etnoqrafik və numizmatik materiallar, ornamentlər, əşyalar toplanıb. Burada Əmir Teymur və onun nəslinin Avropa hökmdarları ilə yazışmaları, mahir miniatürləri, Əmir Teymurun o dövrün avropalı ustaları tərəfindən çəkilən rəsm əsərlərinin surətləri kimi qiymətli tarixi sənədləri görmək olar. Bu rəsmlərin əsli hazırda Fransa Milli Kitabxanasının binasındadır.

Muzeyin peşəkarlıqla qurulan ekspozisiyası Teymurilər dövrünün ruhunu çatdırır, orta əsrlərin dövləti, ictimai həyatı və mədəniyyəti haqqında ən zəngin məlumatları özündə əks etdirir.

Hər il muzeyin ekspozisiyası Əmir Teymurun çoxşaxəli şəxsiyyətinə və Teymurilərin zəngin irsinə dəlalət edən yeni maraqlı eksponatlarla zənginləşir ki, bu da dünya alimlərinin həqiqi marağına səbəb olur.

Özbəkistan Dövlət Tarixi Muzeyi

Özbəkistanda mədəni turizmin inkişafı ilə ölkə muzeyləri milli sərvətlər, mənəvi və mədəni irs sərgiləri kimi xüsusi əhəmiyyət kəsb edir.

Mərkəzi Asiyanın ən qədim muzeylərindən biri olan Özbəkistan Dövlət Tarixi Muzeyinin əsası 146 il əvvəl qoyulub. Muzeyin ekspozisiyasına 250 minə yaxın eksponat, o cümlədən 60 minə yaxın arxeoloji, 80 mindən çox numizmatik və 16 min etnoqrafik əşya daxildir.

Muzey binası 4 mərtəbədən ibarətdir: Birinci mərtəbədə vaxtaşırı müxtəlif mövzularda müasir sərgilərin keçirildiyi sərgi qalereyası yerləşir. İkinci mərtəbədə toplanan nümunələr Özbəkistanın qədim zamanlardan Teymurilər dövrünə qədər olan tarixindən bəhs edir. Burada yaşı min illərlə olan ilk əmək alətləri, güzgülər, zərgərlik məmulatları, məişət əşyaları, eləcə də Orta Asiyada orta əsrlərə aid o dövrdə elmin, poeziyanın, ticarətin çiçəklənməsindən xəbər verən eksponatları görmək olar.

Dostluq və tərəfdaşlığın möhkəmlənməsi

Özbək və Azərbaycan xalqlarını yaxın milli adət-ənənələr, ortaq dil qrupu, mədəniyyət və din birləşdirir.

Özbəkistanla Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-dən qurulub. 1996-cı ilin ortalarında Özbəkistan Respublikasında Azərbaycan Respublikasının səfirliyi, 1998-ci ilin may ayında isə Azərbaycan Respublikasında Özbəkistan Respublikasının Səfirliyi fəaliyyətə başlayıb.

İkitərəfli münasibətlərin inkişafında səfirliyinin nəzdində 2010-cu ilin sentyabrından fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rolunu xüsusi qeyd etmək lazımdır.

Mərkəzin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistanın ovaxtkı Baş naziri, indiki Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər.

Hazırda Mədəniyyət Mərkəzində üç muzey (Heydər Əliyev Muzeyi, Azərbaycan və Özbəkistan Dostluq Muzeyi, Azərbaycan Dövlətçiliyi Tarixi Muzeyi), kitabxana və müxtəlif dərnəklər fəaliyyət göstərir. Xüsusilə burada rəqs, musiqi dərnəyini, rəsm dərnəyini, komputer və Azərbaycan dili kurslarını qeyd etmək olar.

Mərkəzdə “Azərbaycan qızları” rəqs qrupu və “Azərbaycan” instrumental musiqi qrupu yaradılıb.

Mərkəz iki ölkə arasında mədəni əlaqələri möhkəmləndirir, mədəniyyət və turizm sahəsində əlaqələri inkişaf etdirir, həmçinin mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı və turizm potensialını təbliğ edir.

Ardı var...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR