Azərbaycan: Avropa İttifaqı və Almaniya üçün önəmi getdikcə artan tərəfdaş

Azərbaycan: Avropa İttifaqı və Almaniya üçün önəmi getdikcə artan tərəfdaş
# 15 mart 2023 18:45 (UTC +04:00)

Bir ildən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsi Avropa İttifaqının (Aİ) onillər boyunca arxalandığı enerji təhlükəsizliyi arxitekturasının zəifliklərini üzə çıxardı. Müharibə fonunda qəbul edilmiş sanksiyalar Moskva üçün nəzərdə tutulsa da, qitə iqtisadiyyatı, xüsusilə də enerji sektoru bundan az təsirlənmədi. İttifaqın ümumi maraqları üçün qəbul edilmiş qərarların ayrı-ayrılıqda bəzi üzv ölkələrin milli maraqları ilə toqquşması isə ixtilafların siyasi-diplomatik səviyyəyə yüksəlməsi ilə nəticələndi.

Avropa İttifaqı Rusiyaya və onun tərəfdaşlarına qarşı yeni sanksiyalar qəbul edərkən, digər tərəfdən də öz enerji tələbatının cilovlanmasına çalışır, enerji çatışmazlığının iqtisadiyyatın kiçildilməsi yolu ilə kompensasiya edilməsinə çalışır. Bütün bunlar isə davamlı böyüməyə öyrəşmiş kapitalist birinci dünya ölkələri üçün yalnız müvəqqəti tədbirlərdir. İnkişaf etmiş Avropa ölkələri bu müvəqqəti tədbirlərlə vaxt qazanmaq və enerji mənbələrini çeşidləndirmək niyyətindədir.

Bu mənada Avropa İttifaqı bir sıra coğrafiyaları enerji təhlükəsizliyinin gücləndirilməsində, enerji tədarükü mənbələrinin şaxələndirilməsində tərəfdaş kimi nəzərdən keçirir, potensial təhdidləri minimuma endirmək üçün köhnə tərəfdaşlarla əməkdaşlığı azaldır.

Sirr deyil ki, Aİ uzun zamandır ki, Xəzər hövzəsinin enerji imkanlarını özü üçün ən önəmli alternativlərdən biri kimi nəzərdən keçirir. Ötən dövrdə rəsmi Bakının təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP və s. kimi iri enerji layihələrinin Aİ tərəfindən birmənalı dəstək görməsinin səbəblərindən biri də bu olub.

Sözügedən layihələrin reallaşdırılmasına bəzi ölkələr müxtəlif bəhanələr və təxribatlarla mane olmağa çalışsalar da, xüsusilə də rəsmi Bakının göstərdiyi siyasi iradə sayəsində onların tamamlanması mümkün olub. Ümumiyyətlə, Azərbaycanın ötən onilliklər ərzində qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində gördüyü işlərin önəmi xüsusilə də indiki kimi böhranlı dövrlərdə önə çıxır.

Hazırkı kontekstdə xüsusilə də Azərbaycanın enerji resurslarının Aİ üçün həyati önəmi artmaqdadır. Rəsmi Bakı artıq Avropaya yalnız karbohidrogen resurslarını deyil, “yaşıl enerji” ötürmək niyyətindədir və ötən ilin dekabrında Buxarestdə imzalanmış Strateji Tərəfdaşlıq sazişi ilə bu sahədə nə qədər ciddi olduğunu ortaya qoyub.

Aİ enerji sahəsində Azərbaycanla tərəfdaşlıq təcrübəsindən çox yaxşı bilir ki, Bakının enerji sahəsində başlatdığı bütün layihələr gec-tez reallaşdırılır və öz səmərəsini verməyə başlayır. Odur ki, Avropa İttifaqı artıq Azərbaycanın etibarlı enerji tərəfdaşı olduğunu qəbul edir.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Azərbaycanı dəfələrlə etibarlı enerji tərəfdaşı adlandırması sadəcə xoşagəlmək üçün səsləndirilmiş bəyanatlar deyil, onların arxasında müstəqillik dövrünün ciddi əməyi, Azərbaycan Hökumətinin sözübütövlüyü və çalışqanlığı, göstərdiyi siyasi iradə, planlaşdırmaq qabiliyyəti və s. kimi keyfiyyətləri dayanır.

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri, səfər çərçivəsində Almaniyanın dövlət və hökumət başçıları ilə görüşləri Almaniyanın aparıcı mətbuatının, eləcə də beynəlxalq mətbuatın diqqətində olub.

“Deutsche Welle”, “Süddeutsche Zeitung” portalları, eləcə də “CNN Türk“, Anadolu Agentliyi və digər mətbu orqanlar da Prezident İlham Əliyevin səfəri çərçivəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Olaf Şolts ilə görüşlərinə həsr edilmiş məqalələr yayıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri zamanı kansler Olaf Şoltsun açıqlamaları da Aİ Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi qəbul etməsini təsdiqləyən daha bir nümunədir.

Təsadüfi deyil ki, Olaf Şolts Prezident İlham Əliyevlə birgə mətbuat konfransında Azərbaycanı “Avropa İttifaqı və Almaniya üçün önəmi getdikcə artan tərəfdaş” adlandırdı.

Azərbaycanın Almaniya və Avropanın enerji tədarükünü şaxələndirmə potensialına sahib olduğunu bildirən Şolts bu sahədə neft-qazla yanaşı, alternativ enerjini də nümunə göstərib.

Şoltsun bu açıqlamaları həm də onu göstərdi ki, Aİ-nin korrupsiya sxeminə bulaşmış bəzi institutlarının nümayəndələrinin qətnamələrinə və bəyanatlarına rəğmən, ittifaqda Azərbaycanın etibarlı tərəfdaş olmasına dair ümumi anlayış mövcuddur.

Ölkə rəhbərliyi də Aİ ilə enerji tərəfdaşlığının gücləndirilməsində maraqlı olduğunu gizlətmir. Zatən Aİ üçün indi önəmi sürətlə artan enerji layihələrinin həyata keçirilməsi təşəbbüsü də bir çox hallarda rəsmi Bakı tərəfindən irəli sürülüb. Bütün bu layihələr fonunda isə Azərbaycan iqtisadiyyatı artıq Avropa iqtisadiyyatına sürətlə inteqrasiya edir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın artan iqtisadi önəmi paralel olaraq onun geosiyasi çəkisini də artırır, beynəlxalq arenada siyasi uğurlarını şərtləndirir.

Bu baxımdan Almaniya kansleri Olaf Şoltsun Ermənistan-Azərbaycan əlaqələrinin nizamlanmasının ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında həll edilməli olduğunu bildirməsi bu çərçivədə nəzərdən keçirilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR