Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib

Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib
# 26 yanvar 2022 00:22 (UTC +04:00)

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Mian Nasser Hyatt Maggo, Karaçi Ticarət və Sənaye Palatasının prezidenti Məhəmməd İdris, eləcə də Palataların idarə heyətlərinin üzvləri ilə görüşüb.

Azərbaycanın Pakistandakı Səfirliyindən APA-ya verilən məlumata görə, iki ölkənin səmimi münasibətlərindən söhbət açan səfir Xəzər Fərhadov iki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb. İqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynayan Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinə toxunan X.Fərhadov bu Komissiyanın yekununa uyğun olaraq yaradılacaq işçi qrupları barədə ətraflı məlumatları qonaqların diqqətinə çatdırıb.

İqtisadi-ticari əlaqələrin gücləndirilməsi istiqamətində son zamanlar aparılmış işlər barədə danışan səfir iş adamlarının qarşılıqlı səfərlərinin vacib olduğunu ifadə edib. Xəzər Fərhadov Azərbaycanda fəaliyyət göstərən sənaye parkları, xüsusilə Ələt Azad İqtisadi Zonası, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə investisiya imkanları barədə təqdimatlar da keçirib.

Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının və Karaçi Ticarət və Sənaye Palatasının prezidentləri səfir Xəzər Fərhadova ziyarətinə görə təşəkkürlərini bildirib və iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluqları ifadə ediblər.

Səfir tərəfindən detallı təqdimatı və geniş məlumatları yüksək qiymətləndirən prezidentlər Ticarət və Sənaye Palataları olaraq Azərbaycan və Pakistan arasında iqtisadi-ticari əlaqələrin artırılmasına hər zaman töhfə verməyə hazır olduqlarını bildiriblər.

Görüş zamanı hər iki ölkənin idxal və ixrac potensialı olan məhsulları barədə geniş müzakirələr aparılıb.

Görüşdə həmçinin, Azərbaycanla bağlı işadamlarını maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR