Azərbaycanın Çindəki səfirliyində Zəfər Günü ilə bağlı tədbir keçirilib

Azərbaycanın Çindəki səfirliyində Zəfər Günü ilə bağlı tədbir keçirilib
# 09 noyabr 2022 10:00 (UTC +04:00)

Noyabrın 8-də Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin “Qarabağ” zalında Zəfər Günü və “Şuşa ili”nə həsr edilmiş konsert proqramı təşkil edilib.

Bu barədə APA-ya Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyindən məlumat verilib.

Çin ictimaiyyətinin, Pekindəki diplomatik korpusun və bu ölkədəki Azərbaycan və türk diasporunun nümayəndələrinin iştirak etdiyi rəsmi tədbirdə açılış nitqi ilə çıxış edən səfir Əkrəm Zeynallı 44 günlük Vətən Müharibəsi zamanı 8 noyabr tarixində Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən və xalqımız üçün müstəsna mənəvi əhəmiyyəti olan Şuşa şəhərinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Şuşanın azad olunmasının 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən üçtərəfli bəyanatın imzalanması ilə nəticələndiyini, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sona çatdığını və Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu vurğulayan səfir, bu böyük zəfərdən sonra Cənubi Qafqaz regionunda uzun zamandır gözlənilən sülhün bərqərar olmasına tarixi imkanın yarandığını diqqətə çatdırmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamına müvafiq olaraq, 8 Noyabr tarixinin təqvimimizə Zəfər Günü kimi daxil olunduğuna dair məlumat verən səfir, bu qürurverici tarixin xalqımız tərəfindən nəinki ölkəmizin ərazisində, onun hüdudlarından kənarda da böyük coşqu və təntənə ilə qeyd edildiyini vurğulayıb.

20 faizə yaxın ərazisinin 30 ilə yaxın bir müddətdə işğal altında olmasına, 1 milyondan çox soydaşımızn həmin ərazilərdən qovularaq qaçqın və məcburi köçkünə çevrilməsinə, işğal altındakı torpaqlarımızda bütün yaşayış məskənlərinin və infrastrukturunun tamamilə məhv edilməsinə, ümumiyətlə xalqımıza yaşadılmış bütün ağrı acılara baxmayaraq, bügün Azərbaycan Respulikasının bütün yaşanmış acıları keçmişdə qoymağı və tarixinin bu səhifəsini çevirərək Ermənistana sülh müqaviləsi bağlamağı təklif etdiyini tədbir iştirakçılarının diqqətinə çatdıran səfir Əkrəm Zeynallı, Ermənistan tərəfinin konstruktivlik nümayiş etdirəcəyi təqdirdə sülh müqaviləsinin yaxın zamanlarda imzalana biləcəyini və bununla da Cənubi Qafqaz regionda sülhün və əmin-amanlığın bərqərar olunacağına inamını ifadə etmişdir.

Çıxışı zamanı səfir Əkrəm Zeynallı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyinə dair məlumat vermiş və əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhərinin Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu, xalqımız üçün müstəsna mənəvi dəyər daşıdığını vurğulamışdır.

Səfir Əkrəm Zeynallı ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin beşiyi və Şərqin konservatoriyası kimi də tanındığını bildirərək, bu şəhərin mədəniyyətimizə və ədəbiyyatımıza bəxş etdiyi dahi şəxsiyyətləri qeyd etmiş, Şuşa şəhərinin işğaldan öncəki görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, ənənəvi dolğun mədəni həyatına qovuşması üçün dövlətimiz tərəfindən görülmüş genişmiqyaslı işlərə dair məlumat vermişdir. Şuşa şəhərinin Azərbaycanın çoxəsirlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə 2022-ci ilin ölkəmizdə Şuşa ili kimi elan edildiyini söyləyən səfir, bu axşamkı konsertin də məhz bu çərçivədə təşkil edildiyini diqqətə çatdırmışdır.

Səfir Əkrəm Zeynallının çıxışından sonra İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzinin bədii rəhbəri, dünyaca məşhur virtuoz pianoçu Klaudiya Yanq solo konsert proqramı ilə çıxış etmişdir. Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Vasif Adıgözəlov və Tofiq Quliyevin əsərlərinin böyük məharətlə ifa olunduğu konsert dinləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.

Tədbir Azərbaycan təamlarının təqdim edildiyi rəsmi ziyafətlə davam etmişdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR