Bank Of Baku

Ceyhun Bayramov: Ermənistanın destruktiv yanaşması nəticəsində dekabrdan bəri fiziki görüşlər olmayıb

Ceyhun Bayramov: Ermənistanın destruktiv yanaşması nəticəsində dekabrdan bəri fiziki görüşlər olmayıb
# 12 aprel 2023 13:07 (UTC +04:00)

Əfsuslar olsun ki, Ermənistanın destruktiv yanaşması, ziddiyyətli addımların atılması ilə məhdudlaşmır, biz həm də hərbi-siyasi təxribatların şahidi oluruq ki, ən son belə təxribat dünən baş verib.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdə ikitərəfli münasibətlər, çoxtərəfli platformalarda əməkdaşlıq, ATƏT çərçivəsində əməkdaşlıqla bağlı detallı müzakirələr aparılıb.

“İkitərəfli əlaqələrlə bağlı turizm, ticarət, siyasi məsləhətləşmələrin illik əsasda keçirilməsi faydalı ola bilər, bunu yaxın zamanda etməyi planlaşdırırıq. Münasibətlərimizə müsbət baxırıq”.

Nazir Azərbaycanın ATƏT-də iştirakçı ölkə olaraq fəal rol oynadığını deyib.

“ATƏT Avropada təhlükəsizlik arxitekturasının vacib sütunlarındandır. ATƏT çərçivəsində bir sıra ölkələr arasında münasibətlərin böhtan içindədir və Şimali Makedoniyanın sədrliyi çətin dövrə təsadüf edir. Azərbaycan digər ATƏT üzvü tərəfindən təcavüzə məruz qalıb, uzun illər bu təcavüzün ağrılı nəticələri olub. Bütün bunlara baxmayaraq təşkilatın prinsiplərinə, ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiq olub. Azərbaycanın mövqeyi prinsipial və ardıcıl olub”.

Tərəflərin görüşdə təşkilatın qarşısında duran vəzifələrinin, əməkdaşlıq perspektivlərinin müzakirə edildiyini deyib.

“Sədrliyin prioritetləri sırasında vacib məqamlar var ki, bura kibertəhlükəsizlik, minalardan təmizlənmə, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi daxildir. Şimali Makedoniyanın sədrliyi kontekstində ATƏT-in fəal addımlar atacağına, üzv ölkələrin də platforma çərçivəsində əməkdaşlıqdan tam həcmdə faydalanacağına ümid edirik”.

Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə Ermənistanın qeyri-konstruktiv siyasətini müzakirə etdiklərini də bildirib.

“Biz keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın səylərinin müzakirə etdik. Normallaşma prosesi ilə bağlı formatlar və atılmış addımlar barədə məlumat verdik. Azərbaycanın sülh müqaviləsi üzrə baza prinsipləri və danışıqlarının aparılmasına diqqət yetirildi. Dekabrdan bəri Ermənistanın destruktiv yanaşması nəticəsində fiziki görüşlər olmayıb. Beynəlxalq tərəflər Ermənistanı danışıqlar masasına dönməsi üçün intensiv addımlar atır”.

Nazir Ermənistanın erməni əsilli şəxslərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesinə müdaxiləsinin əsassız olduğunu deyib.

“ATƏT-in fəaliyyətdə olan sədrini erməni əsilli şəxslərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, Azərbaycanın baxışı və bu istiqamətdə atılan addımlar, keçirilən görüşlər və bu görüşlərin davamlı olması üçün Azərbaycan hökuməti tərəfindən görüşlərin Bakıda keçilməsi təklifi barədə məlumatlandırdım. Ermənistanın reinteqrasiya prosesinə cəhdlərinin müdaxiləsinin əsası yoxdur və bu qəbuledilməzdir. Azərbaycan üçün əsas prioritet olan məsələlər - vətəndaşlarımızın dəbə-baba torpaqlarına qayıtma hüququ, yenidənqurma işləri barədə məlumat verdim. Bu yolda olan çətinliklər, mina təhlükəsinin çox sayda insanların həyatına son qoyması, mina xəritələrinin Ermənistan tərəfindən tam təqdim olunmaması, Ermənistan tərəfindən azad olunmuş ərazilərə yeni minaların yerləşdirilməsi kimi məsələlər danışıqların mövzusu olub”.

Ceyhun Bayramov Azərbaycan və ATƏT arasında geniş əməkdaşlıq imkanlarının olduğunu deyib.

“ATƏT daxilində müxtəlif əməkdaşlıq imkanları var, münaqişənin tarixini nəzərə alaraq Azərbaycan cəmiyyəti ATƏT-i münaqişələrlə məşğul olan təşkilat kimi qəbul edir. Ancaq ATƏT-də əməkdaşlıq imkanları genişdir. Mina təmizlənməsi, ekoloji istiqamətdə əməkdaşlıq imkanları var”, - o deyib.

Nazir Makedoniyanın sədrliyinin ATƏT-in dialoq platformasında rolunun canlandıracağına ümid etdiyini və bu istiqamətdə Azərbaycanın əlindən gələn dəstəyi verəcəyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR