Ceyhun Məmmədov: Səfirliklərimizin ərəb ölkələrində media ilə sıx əməkdaşlığına ehtiyac var

Ceyhun Məmmədov, Milli Məclisin deputatı

© APA | Ceyhun Məmmədov, Milli Məclisin deputatı

# 18 noyabr 2022 12:51 (UTC +04:00)

“Bu gün Ermənistan bir sıra ərəb dövlətlərində, ərəbdilli mediada Azərbaycan əleyhinə təbliğatını davam etdirir. Davamlı olaraq Ermənistanın rəsmi şəxsləri ərəb ölkələrinə səfərlər edirlər”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Ceyhun Məmmədov bildirib ki, Ermənistanın ayrı-ayrı dövlət qurumları ərəb mediası ilə sıx əməkdaşlıq edir, öz yalanlarına onları inandırmağa çalışır, bəzən də buna nail olurlar:

“Mən davamlı olaraq ərəb mediasına müsahibə verirəm və bunu açıq müşahidə edirəm. Əlbəttə, burada həmin ölkələrdə olan erməni diasporunun təsirləri də rol oynayır. Bu gün Azərbaycan İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri ilə sıx əməkdaşlıq edir, islam həmrəyliyinə mühüm töhfələr verir. Bu baxımdan Prezident İlham Əliyevin Əlcəzairə səfəri, Ərəb Ölkələri Liqasının sammitində iştirakı xüsusi əhəmiyyət daşıyırdı. Bu səfər və Prezident İlham Əliyevin sammitdə cəsarətli çıxışı və Fransanın ünvanına səsləndirdiyi fikirlər ərəb dünyasında böyük rezonans doğurub. Bütün bunlarla yanaşı ermənilərin ərəb ölkələrində Azərbaycan əleyhinə təbliğatının qarşısının alınması üçün səfirliklərimizin ərəb ölkələrində daha fəal iş aparmasına və media qurumları ilə daha sıx əməkdaşlıq etməsinə ciddi ehtiyac var. Eyni zamanda xarici mediada, xüsusilə ərəb mətbuatında bir sıra hallarda Ermənistanın yaydığı yalan məlumatların monitorinqinin aparılması və vaxtında qarşısının alınması üçün koordinasiyalı fəaliyyətə xüsusi ehtiyac var. Eyni zamanda düşünürəm ki, hətta bu istiqamətdə bir mərkəzin yaradılması məsələsi də nəzərdən keçirilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR