Ceymstaun Fondunun tədqiqatçısı: Azərbaycan Qarabağla bağlı xüsusi status ideyasını rədd edərək, yaxşı nümunə göstərdi

Ceymstaun Fondunun tədqiqatçısı: Azərbaycan Qarabağla bağlı xüsusi status ideyasını rədd edərək, yaxşı nümunə göstərdi
# 25 noyabr 2022 15:51 (UTC +04:00)

"Azərbaycan Prezidentinin çıxışından üç əsas mesaj aldım".

APA xəbər verir ki, bu barədə noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçısı, Ceymstaun Araşdırmalar Fondunun tədqiqatçısı Vladimir Sokor jurnalistlərə açıqlamasında deyib.

O, birinci mesajın Azərbaycanın prezidentlik institutuna əsaslanan uğurlu inkişaf modeli olduğunu deyib.

Vladimir Sokor sözlərinə görə, Azərbaycan Avropaya enerji ixrac edən ölkə olmaqla yanaşı, Avropa üçün enerji-tranzit ölkəsi kimi də rol oynayır ki, bu, ikinci mesajdır: “Azərbaycanın siyasəti balanslı olsa da, əsasən, Qərb əsaslıdır. Siz bunu Azərbaycanın Avropaya enerji ixracında da görə bilərsiniz. Ölkənin bütün enerji ixracı Avropa ilə bağlıdır. Ölkədə enerji istehsalı ilə məşğul olan şirkətlər də Qərb şirkətləridir. Bu, Azərbaycanın Qərbə istiqamətinin əsasında dayanır. İnkişaf etmiş ölkələrin iqtisadiyyatında mavi yanacağın vacib rolu uzunmüddətli olacaq. Düşünürəm ki, “yaşıl enerji” heç vaxt yüz faiz uğurlu olmayacaq. Mavi yanacağa həmişə ehtiyac olacaq və bu yanacaq hətta “yaşıl enerji”yə keçiddən sonra vacibliyini itirməyəcək. Buna görə də Azərbaycanın gələcəyi etibarlıdır. Azərbaycan yalnız istehsalçı ölkə deyil, həm də tranzit ölkədir. Mən hesab edirəm və gözləyirəm ki, Türkmənistandan böyük həcmdə qaz idxal ediləcək. Bu, Xəzər dənizindən Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçiriləcək və Türkmənistan bu istiqamətdə irəliləyir”.

Ekspert Prezident İlham Əliyevin üçüncü mesajının Qarabağla bağlı olduğunu deyib: “Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etdi. Meydanda hərbi qərarlar verildi və hərbi qələbə əldə olundu, bunun ardınca isə siyasi qərarlar alındı. Bu isə hərbi yolla əldə olunmuş nəticəni, qələbəni institutlaşdırdı. Azərbaycan hərbi-siyasi prosesi uğurla tamamladı. Məni heyrətləndirən Azərbaycanın Qarabağla bağlı xüsusi status yanaşmasını rədd etməsi oldu. Qarabağa xüsusi statusun verilməsi ilə bağlı təşəbbüs Moskvaya aiddir, 25-30 il əvvəl Rusiya bu təşəbbüsü irəli sürüb. Rusiya bu təşəbbüsü təşviq və təbliğ etmək üçün ATƏT-lə birgə işləyirdi. Və bu xüsusi status məsələsini yalnız Qarabağla bağlı deyil, Ukraynada Donetsk və Luqanskda, Moldovada Dnestryanıda təşviq edirdi. Xüsusi status ölkənin milli suverenliyini inkar edir. Azərbaycan xüsusi status ideyasını rədd edərək, hər kəs üçün, xüsusilə də Ukrayna və Moldova üçün yaxşı nümunə göstərdi. Müharibədən sonra Azərbaycan Prezidenti dedi: “Qarabağın statusu cəhənnəmə getdi”. Və bu yanaşma Ukrayna və Moldova tərəfindən də alqışlanıb. Çünki bu ölkələr də münaqişə üçün çox təhlükəli həll yolu olan bu təlimatı rədd edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR