Deputat: “Ermənistanın son məqsədi sülh prosesini iflasa uğratmaqdır”

Deputat: “Ermənistanın son məqsədi sülh prosesini iflasa uğratmaqdır”
# 29 sentyabr 2022 19:09 (UTC +04:00)

“Azərbaycanın və beynəlxalq birliyin Cənubi Qafqaz regionunda sülh və əməkdaşlığın təmin edilməsinə dair təşəbbüslərinə Ermənistan adekvat cavab vermir. Əksinə, rəsmi İrəvan bölgədə gərginliyin davam etməsində maraqlıdır. Bu gərginlik mühitini saxlamaqla, Ermənistan beynəlxalq ictimai rəylə manipulyasiya edir və Azərbaycanı hədəfə gətirməyə çalışır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarımızı erməni işğalından azad etdi, Ermənistan ordusunu məğlubiyyətə uğratdı. Amma görünür, bu məğlubiyyətdən və hərbi-diplomatik iflasdan sonra Ermənistanda revanşizm meyllərinin getdikcə güclənir: “Son vaxtlar baş verən proseslər bunu deməyə əsas verir. Ermənistanın ardıcıl şəkildə təxribatlar törətməsi və 13-14 sentyabr hadisələri bunun pik nöqtəsidir. Eləcə də, Ermənistanın destruktiv mövqeyinə sübut kimi üçtərəfli bəyanatda əksini tapmış tələblərin icrasından boyun qaçırmasını, xüsusilə Azərbaycan ərazisində hələ də qanunsuz olaraq qalmış hərbçiləri və texnikanı çıxarmamasını, müxtəlif vasitələrlə Qarabağda hərbi mövcudluğunu qoruyub saxlamağa çalışmasını göstərmək olar”.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın bu manipulyasiya, təxribat və siyasi avantüralarının son məqsədi sülh prosesini ləngitmək və ya iflasa uğratmaqdır. Paşinyan hakimiyyəti regionda formalaşan yeni arxitekturanı, olduqca pozitiv əməkdaşlıq imkanlarını, inkişafı və təhlükəsizliyi təhdid edir və açılan yeni perspektivlərə zərbə vurmağa çalışır. Digər tərəfdən, Ermənistan hazırda işğaldan azad olunmuş ərazilərdə görülən işlərin miqyasını aydın görür, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qaçılmaz olduğunu bilir. Sülh prosesinin pozulmasında məqsədlərdən biri də bu prosesə zərbə vurmaqdır.

Fatma Yıldırım qeyd edib ki, əvvəlki dövrdə rəsmi İrəvan KTMT-ya arxalanırdısa, son hadisələr artıq bu ölkənin oryentirlərini dəyişdiyini və açıq şəkildə Qərbdə dəstək axtardığını göstərdi. Belə ki, Ermənistan artıq NATO-nu bölgəyə gətirməyi və öz revanşist məqsədlərini Qərbin əli ilə reallaşdırmağı düşünür. Bəzi Qərb ölkələrinin rəsmi nümayəndələrinin açıqlamaları, görünür, Paşinyan hakimiyyətini “ruhlandırır”. “Ancaq dünya dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanın hazırda yürütdüyü siyasətin mahiyyətini aydın görməli, onun əsl niyyətlərini düzgün qiymətləndirməlidir. Əgər Ermənistan sülhə məcbur edilməsə regionda qeyri-sabitlik davam edəcək.

Çox maraqlıdır ki, hazırda bir sıra ölkələrdə siyasətçilər, deputatlar Ermənistana dəstək məqsədilə ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi barədə danışırlar. Amma Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayarkən onlar nə üçün susurdular? Nə üçün haqqın, ədalətin yanında deyildilər? Bu faktlar dünyada ikili standartların göstəricisidir. Azərbaycan öz mövqeyində beynəlxalq hüquq normalarına arxalanır. İşğalçı, təcavüzkar dövlət Ermənistandır. Bu gün sadəcə, ölkəmiz haqqında beynəlxalq birlikdə yanlış rəy formalaşdırmağa çalışır. Belə bir halda, kimlərinsə ölkəmizi ittiham etməsi qəbulolunmazdır. Əgər beynəlxalq birlik, dünya gücləri regionumuzda sülh və sabitliyin təmin olunmasını istəyirsə Ermənistana təzyiqlər göstərməlidirlər”, - deyə millət vəkili vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR