Deputat: Fransada polis aksiyaya çıxanlara zor tətbiq edir

Elşad Mirbəşir, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü

© APA | Elşad Mirbəşir, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü

# 21 yanvar 2023 21:40 (UTC +04:00)

“Artıq bir neçə gündür ki, Fransada hökumətin pensiya islahatlarına etiraz olaraq aksiyalar keçirilməkdədir. Bu aksiyalar Fransada bir neçə il bundan öncə baş verən sarı jiletlilər aksiyasından sonra ən böyük etiraz aksiyalarıdır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşir deyib.

Deputat bildirib ki, etirazçıların tələblərinə heç bir məhəl qoymayan Fransa Prezidenti Emmanuel Makron islahatları davam etdirəcəyini bildirməkdədir: “Makron hökuməti iddia edir ki, Fransada pensiya yaşını artırılması pensiyanın maliyyə dayanıqlılığının təmin olunması zərurətindən irəli gəlməkdədir. Lakin əhalinin etirazları Həmkarlar İttifaqlarının da proseslərə qoşulmasını şərtləndirib”.

Elşad Mirbəşir polisin etirazçılara qarşı zor tətbiq etməsinə diqqət çəkib: “Artıq 40-a qədər etirazçı həbs olunub. Bütün bunlar həm də ona dəlalət edir ki, Fransa kifayət qədər daxili problemlərə malik olduğu halda Cənubi Qafqazda da pozuculuq işləriylə məşğul olur. Fransa öz daxilindəki problemləri aradan qaldırmaqdansa, Cənubi Qafqazda separatizmi, təcavüzkar Ermənistanı dəstəkləyərək vəziyyəti gərginləşdirməyə də çalışır. Fransada həm iqtisadi, həm sosial münasibətlər sistemində ciddi problemlər mövcuddur və bu problemlərin kökləri də kifayət qədər dərindir. Hazırda Fransanın iri şəhərlərində -Lionda, Parisdə baş verən genişmiqyaslı aksiyalar bunu bir daha sübut edir. Aksiyaların, etirazların miqyası bir daha göstərir ki, bu, uzun müddət davam edəcək. Hətta yanvar ayının sonuna daha geniş ümummilli etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Hakimiyyət və etiraz aksiyası keçirənlər arasında fikir ayrılığı kifayət qədər dərindir. Burada tərəflər kompromisə getmək niyyətində olmadığını nümayiş etdirməkdədirlər. Bu da yaxın günlərdə Fransada daha böyük iğtişaşların baş verəcəyi ilə bağlı fikir səsləndirməyə əsas verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR