Deputat: “İtaliya-Azərbaycan əlaqələrində yeni səhifə açılıb”

Məlahət İbrahimqızı

© APA | Məlahət İbrahimqızı

# 02 sentyabr 2022 14:43 (UTC +04:00)

“Azərbaycanla İtaliya arasında güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Məlahət İbrahimqızı deyib ki, Azərbaycan Prezidentinin İtaliyaya səfəri İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti əsasında və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə baş tutub. Səfərin məqsədi Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin icrası prosesində bir sıra sahələr üzrə aktual məsələlərin müzakirə edilməsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticə yönümlü növbəti addımların müəyyən edilməsidir. Prezident İlham Əliyev səfər çərçivəsində Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışına qatılıb, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və İtaliya Hökumətinin Prezidenti - Baş nazir Mario Draqi ilə görüşlər keçirib, Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimində iştirak edib, “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən İtaliyanın Çernobbio şəhərində hər il keçirilən beynəlxalq forumda əsas qonaq kimi “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib, İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib: “Enerji təhlükəsizliyi artıq hər bir dövlət üçün milli təhlükəsizlik məsələsinə çevrilib. Bu aspektdə bir məqamı xüsusi qeyd etmək lazımdır. Biz dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişdirməyi bacardıq. Ona görə də təsadüfi deyil ki, dünyada mövcud vəziyyətlə əlaqədar Azərbaycan əlavə qaz həcmlərinin ixracı ilə bağlı çoxsaylı müraciətlər alır və onlara baxmağa hazırdır. Avropanın enerji xəritəsini dəyişən Azərbaycan uzun illər boyu İtaliyanın ən böyük neft təchizatçısı olub. Digər tərəfdən, Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bu günədək, yəni, il yarım keçdikdən sonra Azərbaycan Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrilib. Ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zaman Azərbaycanın bu il qaz həcmini daha da artırmağı və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırdığını da diqqətə çatdırıb”.

Azərbaycan ilə İtaliya arasında aktiv siyasi dialoq mövcud olduğunu vurğulayan deputat qeyd edib ki, İtaliyada hökumətin məhdud çərçivədə fəaliyyət göstərməsinə baxmayaraq, Prezident İlham Əliyevin işgüzar səfərinin baş tutması İtaliya tərəfinin Azərbaycanın dövlət başçısı və ölkəmizlə strateji əlaqələrə verdiyi böyük önəmin göstəricisidir: “Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi və Azərbaycanla İtaliyanın təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlaması da xüsusi qeyd olunmalıdır. Dövlət başçısının da mərasimdə qeyd etdiyi kimi, bununla İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Məhz Prezident İlham Əliyev iki il əvvəl İtaliyada dövlət səfərində olarkən İtaliya-Azərbaycan Universitetinin yaradılması təklifiylə çıxış edib, İtaliya rəhbərliyi də bunu alqışlayıb. Qısa müddət ərzində artıq praktiki fəaliyyətə başlanılır. Bu ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya xarici işlər naziri Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməli qoyulub. İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti, Roma Sapienza Universiteti – bu adlar İtaliyanın kənarında da məşhurdur. İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut – Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək. Beləliklə, Azərbaycan və İtaliya gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcək. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bu universitet də bunun növbəti əyani sübutudur.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR