Estoniya parlamentinin sədri Şuşada olub

Estoniya parlamentinin nümayəndə heyəti Şuşa şəhərində

© APA | Estoniya parlamentinin nümayəndə heyəti Şuşa şəhərində

# 24 may 2022 15:07 (UTC +04:00)

Bu gün ölkəmizdə rəsmi səfərdə olan Estoniya Respublikası parlamentinin (Riiqikoqun) sədri Yüri Ratasın başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova, Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov, Estoniyanın Azərbaycandakı səfiri Anneli Kolk və digər rəsmi şəxslər müşayiət ediblər.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Estoniya parlamentinin nümayəndə heyətinə Şuşanın tarixi, işğal dövründəki vəziyyəti və bu gün Şuşada aparılan quruculuq işləri barədə danışıb. Parlament nümayəndələrinin diqqətinə çatdırılıb ki, şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında bərpa olunur.

Nümayəndə heyəti Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidləri, Karvansaray ilə tanış olub. Bildirilib ki, bu məscidlərdə təmir-bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə aparılır. Diqqətə çatdırılıb ki, bu yaxınlarda Prezident İlham Əliyev Şuşa şəhərində tikiləcək yeni məscidin təməlini qoyub.

Estoniya parlament nümayəndə heyətinin üzvləri Şuşa şəhərində gedən sürətli bərpa-quruculuq və rekonstruksiya işləri ilə yaxından tanış olublar.

Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını, Xan qızı Natəvanın Sarayının qalıqlarını seyr ediblər, Şəhər meydanına baş çəkiblər. Onlara Şəhər Meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR