İran soydaşlarımızı assimilyasiyaya məruz qoyur, bu qəsd Ermənistana dəstəklə yekunlaşır - RƏY

İran soydaşlarımızı assimilyasiyaya məruz qoyur, bu qəsd Ermənistana dəstəklə yekunlaşır - RƏY
# 16 noyabr 2022 11:31 (UTC +04:00)

“İran Vətən müharibəsi başa çatandan sonra Azərbaycanla sərhəddə 3 hərbi təlim keçirib. Sonuncu bunlardan ən böyüyü idi”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Ziyafət Əsgərov bildirib ki, İran əsgərlərinin Araz çayını keçməsi, təlimlərdə daha çox hücum təyinatlı silahlardan istifadə edilməsi bu təlimlərin heç də İran rəsmilərinin açıqladığı kimi, sıradan təlim planına aid olmadığını göstərib: “Azərbaycan Prezidenti keçən ilin oktyabrında İranın keçirilmiş təlimlərinə öz ciddi mövqeyini ortaya qoymuşdu və 30 il niyə belə təlimlər keçirilmədiyini sorğulamışdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra İran bu sərhədlərdə təlimlər keçirməyə başlayıb. Halbuki onun işğal dövründə öz sərhədlərini qorumağa ehtiyac var idi. İranın qonşu dövlətin, həm də əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan torpaqlarını işğalına etiraz etməməsinin səbəbi bəllidir. İran-Ermənistan dostluğu və qardaşlığı haqqında bəyanatlar verilməsi kimi, məsələlər bizim diqqətimizdən qaçmır”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Tarixi Zəfərimizdən sonra yaşadığımız qürur dolu iki il bir daha göstərdi ki, biz necə böyük çətinliklərə, necə böyük güclərə qarşı savaşaraq möhtəşəm bir qələbə əldə etmişik: “Azərbaycan xalqının yenidən qalib xalq olaraq Milad etməsi kimi səciyyələndirdiyimiz bu tarixi hadisə millətimizin qarşısında yeni üfüqlər açaraq yeni çağırışlar və vəzifələr müəyyənləşdirib. Bu milli vəzifələr və çağırışlar, Prezident İlham Əliyevin dediyi kimi, hər şeydən öncə Azərbaycanın hüdudlarından kənarda yaşayan on milyonlarla azərbaycanlının təhlükəsizliyi, hüquqları, identikliyinin təmin olunması ilə əlaqədardır. Qarşımızda duran vəzifələrin sosial–siyasi düsturu da elə bu fikirdə mövcuddur. Heç kəsə sirr deyil ki, bu gün İranda on milyonlarla azərbaycanlı yaşayır. 100 ildən çoxdur ki, onların ana dillərində təhsil almaq hüquqları da daxil olmaqla bütün hüquq və azadlıqları məhdudlaşdırılıb. 1979-cu ildən sonra isə İran rejimi soydaşlarımızın mədəni hüquqlarına da təcavüz edərək onların identikliyini milli dəyərlər üzərindən deyil, məzhəb dəyərləri üzərindən təyin etməyə çalışıb. Beləliklə, İranda yaşayan 10 milyonlarla soydaşımızın milli varlığı şübhə və təhdid altına alınıb. 1945-ci ildə xalqımızın Təbrizdə yaratdığı milli hökumət və onun elan etdiyi hüquq və azadlıqlar boğulub. Azərbaycanlılar təqiblərə, təhdidlərə, işgəncələrə məruz qalıblar. İran Konstitusiyasının 152-ci maddəsində deyilir ki, İranda rəsmi dil və xətt farscadır. Ancaq digər dillərdə də təhsil almaq qadağan edilmir. Əgər belədirsə, nəyə görə bu gün azərbaycanlılar öz ana dillərində təhsil ala bilmirlər? Əgər İran konstitusiyası bütün vətəndaşlara eyni şəkildə tətbiq edilirsə, nəyə görə İranda yaşayan bir ovuc erməniyə öz ana dilində təhsil almaq hüququ verilir, azərbaycanlılara gəldikdə isə bu konstitusion hüquq heçə sayılır? İran isə uzun illərdir soydaşlarımıza dil üzərindən təzyiq edərək onları milli və mədəni assimilyasiyaya məruz qoyur. Milli dildə danışa bilməmək milli və tarixi təfəkkürdən qopmaq deməkdir. İran məhz soydaşlarımızın milli kimliyini əlindən almaq üçün bunları rəsmi dövlət siyasəti səviyyəsində qəsdən edir. Bu qəsdin davamı isə nəticə etibarilə Ermənistana hərbi-siyasi və iqtisadi dəstəklə yekunlaşır. Müsəlman mədəniyyətini dağıdan, islamı təhqir edən terrorçu Ermənistanla ittifaqa gətirib çıxarır. Bütün bunlara görə, İran orada yaşayan soydaşlarımız və dindaşlarımıza hesab verməlidir. İranın islamı təhqir edən Ermənistanla müttəfiq olması onunla birlikdə müqəddəs dinimizi təhqir etməsi deməkdir. Ona görə də İranda yaşayan milyonlarla soydaşımız öz dinlərinə sahib çıxa bilmək üçün hər şeydən öncə öz dillərinə sahib çıxmağı bacarmalıdırlar. Əks təqdirdə İran Ermənistanla dostluq edərək dinimizi təhqir etmiş olacaq. Bu gün hər bir azərbaycanlı bunların fərqində olmalı, hamılıqla dilimiz, mədəniyyətimiz, tariximiz, ortaq vətənimiz və milli identikliyimiz uğrunda mübarizəyə qoşulmalıdır”.

Deputat Ceyhun Məmmədov da bu gün adını İslam dövləti qoyan, ancaq bütün əməlləri İslama zidd olan, hər zaman Azərbaycana qarşı xəyanətkar mövqe tutan İranın ölkəmizə qarşı təxribatlarının davam etdiyini söyləyib: “İran bu gün İslam dövləti adı altında islamı gözdən salır. Müxtəlif terror dəstələri yaradaraq müsəlman ölkələrində o cümlədən, əhalisinin əksəriyyəti şiə məzhəbinə mənsub Azərbaycanda siyasi təşkilatlanma həyata keçirməyə, Azərbaycan dövlətinə qarşı xain dini-siyasi qruplaşmalar yaratmağa, sabitliyi pozmağa çalışır. Bu günə qədər Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdikləri təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Bu gün bir çox müsəlman ölkələrində gedən müharibələrin arxasında İran rejimi durur”.

Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalında olduğu 30 il ərzində bu ərazilərdə bütün infrastruktur, mədəniyyət, dini obyektlər, vətəndaşlara və dövlətə məxsus mülklər tamamilə dağıdılıb, təbii sərvətə böyük zərər vurulub: “Tehranın 30 ilə yaxın bir müddətdə erməni işğalında olan Azərbaycan ərazilərinin talan olunmasında birbaşa iştirakı heç kimə sirr deyil. İşğalçı ölkə olan Ermənistan Qarabağda sökdüyü evləri tikinti materialları kimi İrana satırdı.

Əgər İran müsəlman ölkəsidirsə niyə 30 il müddətində Ermənistanın Qarabağ və Şərqi Zəngəzurda məscidlərimizi dağıtmasına, orada donuz və inək saxlamasına göz yumdu? İran həmişə müsəlman ölkəsi olan Azərbaycanla yox Ermənistanla dostluq və qardaşlıq etdi, İrana səfər edən Ermənistanın Azərbaycanlıların qanına əli batmış liderləri ilə bütün müsəlman dünyasının gözü qarşısında qucaqlaşıb öpüşməkdən belə çəkinmədi. Bütün bunlar onu deməyə əsas verir ki, İranın dinimizdən danışmağa mənəvi haqqı yoxdur!”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR