Koreya Respublikasının səfiri: Şimali Koreyanın istənilən təxribatına dərhal və qətiyyətlə cavab vermək qabiliyyətindəyik - MÜSAHİBƏ

Li İn-Yonq

© APA | Li İn-Yonq

# 24 yanvar 2023 13:09 (UTC +04:00)

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonqun APA-ya müsahibəsi

- Cənab səfir, Azərbaycanda diplomatik missiyanızın başlandığı gündən indiyə qədər olan dövrdə ölkələrimiz arasında münasibətlərin inkişaf tempi barədə fikirlərinizi bölüşərdiniz.

- 2006-cı ildə Koreya Respublikasının sabiq Prezidenti Roh Moo Hyun-un Azərbaycan səfəri, 2007 və 2012-ci illərdə isə Prezident İlham Əliyevin Koreya səfəri ilə iki ölkə arasında dostluq əlaqələri daha da dərinləşib. Hazırda ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə mübadilə və əməkdaşlıq davam etməkdədir. Koreya hökuməti azadlığa, sülhə və firavanlığa töhfə verən Qlobal Mərkəzi Dövlət olmağı yeni milli məqsəd və diplomatik baxış kimi təyin edib və bunu həyata keçirməkdədir. Bu xarici strategiyanın həyata keçirilməsi prosesində Azərbaycan da daxil olmaqla Avrasiya regionu ölkələri ilə əməkdaşlıq çox mühüm yer tutur. Bu məqsədlə Koreya hökuməti Azərbaycanla yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri, xalqlar arasında mübadilələri təşviq etmək; təhsil, səhiyyə və infrastruktur kimi sahələrdə hər iki ölkənin iqtisadi və sosial inkişafına töhfə verən qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməyi planlaşdırır. Bunun nəticəsində də Koreya ilə digər ölkələr arasında, o cümlədən də Koreya ilə Azərbaycan arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə ümid edirik.

- Cənab səfir, bildiyim qədəri ilə siz də ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri ilə birgə Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərinə səfər etmisiniz. Səfər zamanı şahidi olduğunuz vandalizm aktları, eyni zamanda, Azərbaycanın həyata keçirdiyi tikinti-yenidənqurma işləri barədə təəssüratlarınızı bilmək maraqlı olardı.

- 2022-ci il 10 dekabr tarixində Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş Zəngilan və Qubadlı rayonlarına səfər proqramında iştirak etdim. Proqram əsasında yeni istifadəyə verilmiş Zəngilan hava limanı ilə tanış olaraq, Azərbaycanda inşa edilmiş ilk “ağıllı kənd”ə də baş çəkdim. Ermənistanla müharibənin bitməsindən yalnız iki il keçməsinə baxmayaraq, irimiqyaslı yenidənqurma layihələri ilə Füzuli və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının açılması, Füzuli-Şuşa yolunun tikintisi, “ağıllı kəndlər”in salınması kimi Azərbaycanın qısa müddət ərzində əldə etdiyi nailiyyətlər heyrətamizdir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması layihələri vasitəsilə Azərbaycan hökumətinin və xalqının məcburi köçkünləri tez bir zamanda geri qaytarmağa çalışmaq əzmini hiss etdim.

- Koreya şirkətləri azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün nə dərəcədə maraqlıdır?

- Azərbaycanın işğaldan azad edilmiş ərazilərin yenidən qurulması layihəsini milli prioritet seçərək yenidənqurma layihələrini sürətlə həyata keçirdiyindən yaxşı xəbərdarıq və bir çox Koreya şirkəti də Azərbaycanda yenidənqurma layihəsində iştirak etməkdə maraqlıdır. Koreyanın “Securo” şirkəti Kəlbəcər və Laçın rayonlarında 100 MVt gücündə Külək Elektrik Stansiyasının tikintisində iştirak etmək yollarını araşdırır. Koreya Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi Zəngilan ərazisində “ağıllı şəhər”in baş planının və texniki-iqtisadi əsaslandırmanın yaradılmasında iştirak etməkdə maraqlıdır. Koreya şirkətləri bərpa olunan enerji və “ağıllı şəhər” sahələrində mükəmməl texnologiyaya və rəqabət qabiliyyətinə malik olduğundan ümid edirəm ki, Azərbaycanın azad edilmiş regionlarında həyata keçirilən yenidənqurma layihələrində iştirak etmək üçün çoxlu imkanlar olacaq.

- Koreya ilə Azərbaycan arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi və əmtəə dövriyyəsinin həcminin artması üçün hansı yeni addımlar atılır?

- İcazə verin ilk növbədə qeyd edim ki, Koreya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi əməkdaşlıq potensialı ilə müqayisədə hələ də azdır. 2013-cü ildə ölkələr arasında ticarət dövriyyəsi pik həddə çataraq 100-200 milyon dollar təşkil edib, lakin neftin qiymətinin aşağı düşməsi ilə bu rəqəmlərdə də azalma müşahidə olunub. 2018-ci ildən etibarən isə ticarət dövriyyəsinin həcmi yenidən yüksəlməyə başlayıb. Koreyanın Azərbaycana ən çox ixrac etdiyi məhsul minik avtomobilləridir ki, bu da Koreyadan Azərbaycana olan ümumi ixrac məbləğinin 23,8%-ni təşkil edir. Koreya ilə Azərbaycan arasında ticarətin həcmini artırmaq məqsədilə şirkətlər arasında görüşlər və ticarət məhsullarının şaxələndirilməsi kimi təşviqat işləri aparılır, eyni zamanda, Koreya Ticarət, Sənaye və Energetika Nazirliyi ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında yaradılmış iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya vasitəsilə praktiki əməkdaşlığın genişləndirilməsi yolları mütəmadi olaraq müzakirə edilir.

- Koreya ilə Azərbaycan arasında təhsil sahəsində də əlaqələr yüksək səviyyədə qurulub. Azərbaycanın Peşə Təhsili üzrə Dövlət Agentliyi mütəmadi olaraq Koreyaya səfərlər edir. Koreya hökumətinin təşəbbüsü ilə ölkəmizdə peşə məktəbi tikilib. Koreya Azərbaycanla təhsil sahəsində daha hansı istiqamətlərdə əməkdaşlıq edə bilər?

- Koreya ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq da fəal şəkildə inkişaf etdirilir. Koreya hökuməti hər il təhsildə yüksək göstəriciyə sahib azərbaycanlı tələbələri seçərək onları təqaüdlə təhsil almaq üçün Koreyaya göndərir. Qeyd edim ki, 6 nəfər magistratura və doktorantura pilləsində, 1 nəfər bakalavr pilləsində təhsil alır. Bundan əlavə, İnha Universiteti ilə Bakı Mühəndislik Universiteti (BMU) arasında həyata keçirilən bakalavr pilləsi üzrə İkili Diplom Proqramı tələbələrə üç il Bakı Mühəndislik Universitetində, sonuncu bir il isə İnha Universitetində təhsil almaq imkanı verməklə, Azərbaycanda yüksək göstəricili qlobal istedadların yetişdirilməsinə öz töhfəsini verir. Həmçinin 2008-ci ildən etibarən Koreya ilə Azərbaycan arasında beynəlxalq gənclər mübadiləsi “YouthExchange” proqramı çərçivəsində gənclərin mübadiləsi həyata keçirilirdi. Koronavirus pandemiyasına görə, proqram bir müddət dayandırılsa da, Koreya hökuməti layihəni bu ildən bərpa etməyi planlaşdırır. Ümid edirik ki, Koreya ilə Azərbaycan arasında gənclərin mübadiləsi fəal şəkildə qaldığı yerdən davam edəcəkdir.

- Sirr deyil ki, Koreya hərbi təyinatlı məhsullar istehsal edir. Nəzərə alsaq ki, Azərbaycanın da bu istiqamətdə kifayət qədər təcrübəsi var, ölkəmizlə bu sahədə əməkdaşlıq planlaşdırılır? Bu istiqamətdə ölkə rəsmiləri ilə fikir mübadiləsi aparılıb?

- Koreya müdafiə sənayesi üzrə yüksək qiymət rəqabətinə malik mükəmməl texnologiyası ilə qlobal bazara fəal şəkildə daxil olmaqdadır. Keçən il Koreya Polşa ilə “K2” tankları və “K9” özüyeriyən artilleriya qurğuları və FA-50 döyüş təyyarələri də daxil olmaqla təxminən 15 milyard dollarlıq ixrac müqaviləsi imzalayıb. Ötən il Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub. Koreya Milli Assambleyasının Milli Müdafiə Komitəsinin sədri Li Hunseung və Koreyanın “Hanwha Aerospace” və digər müdafiə sənayesi şirkətlərinin iş adamları da Azərbaycana səfər edərək iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Lakin bu müzakirələrin nəticə verməsi üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır. Əgər tezliklə sülh müqaviləsi bağlanarsa, ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın da sıxlaşacağı gözlənilir.

- Koreya və Azərbaycan rəsmilərinin qarşılıqlı səfərləri planlaşdırılır?

- 2022-ci ilin avqust ayında Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri So Byoq Su Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi olaraq Azərbaycana səfər edib. Həmçinin Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Xarici İşlər Nazirlikləri arasında 4-cü siyasi məsləhətləşmələrdə iştirak etmək üçün Koreyada səfərdə olub. Bundan əlavə də cəmiyyətin bütün təbəqələri arasında mübadilə fəal şəkildə həyata keçirilib. Bu il üçün hələlik konkret planlar olmasa da, dövlət başçılarının səfərləri, xarici işlər nazirlərinin səfərləri və s. kimi yüksək səviyyəli rəsmilərin mübadiləsi uzun müddətdir ki, həyata keçirilmədiyindən biz iki Koreya ilə Azərbaycan arasında yüksək səviyyəli dövlət rəsmilərinin mübadiləsini fəal şəkildə təşviq etməyi planlaşdırırıq.

- Koreya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin artması ilə əlaqədar iki ölkə arasında sadələşdirilmiş viza və ya viza rejiminin tamamilə aradan qaldırılması məsələləri müzakirə olunur?

- COVID-19 pandemiyası səbəbindən xalqlar arasında qarşılıqlı səfərlər səngisə də, koreyalıların Azərbaycana marağı artdıqca, bu kimi səfərlər də getdikcə artır. Ümid edirik ki, xalqlar arasında mübadilə viza rejiminin ləğv edilməsi haqqında Saziş bağlandıqdan sonra daha da artacaq. Lakin viza rejiminin ləğv edilməsi üçün çox məsələlər nəzərə alınmalı olduğundan, bu, iki ölkənin səlahiyyətli orqanları arasında dərin müzakirələr tələb edir.

- Yaxın keçmişdə Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası (KXDR) liderləri arasında sərhəddə görüş baş tutmuşdu. Ölkələriniz arasındakı dialoqun perspektivləri nə yerdədir? Dialoqun alınması üçün müsbətə doğru addımlar atılır?

- Koreya hökuməti Şimali Koreya siyasətinin - “Şimali Koreyanın tam nüvəsizləşdirilməsi yolu ilə Koreya yarımadasında davamlı sülhün bərqərar olması” məqsədini həyata keçirmək üçün prinsiplər və ardıcıllıq əsasında hədəfə doğru səylərini davam etdirəcək. Koreya hökuməti Şimali Koreya ilə dialoq qapısını həmişə açıq tutacaq və əgər Şimali Koreya praktiki olaraq nüvəsizləşdirməyə üz tutsa, Şimali Koreya iqtisadiyyatını və insanların həyatını kəskin şəkildə yaxşılaşdıra biləcək planlar hazırlamaq üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edəcək. Biz Şimali Koreyanın nüvəsizləşdirilməsi və Koreya yarımadasında davamlı sülhün bərqərar olması üçün göstərdiyimiz səylərə gələcəkdə də Azərbaycanın davamlı dəstək və marağını rica edirik.

- Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən həyata keçirilən nüvə silahlarının və ballistik raketlərin sınaqlarının yaratdığı təhdidlər deyildiyi kimi təhlükəlidir? Seul buna qarşı hazırlıqlıdır?

- Şimali Koreya tərəfindən son vaxtlar davam etdirilən misli görünməmiş sayda ballistik raketlərin buraxılması təkcə Koreya üçün deyil, bütün dünya ölkələri üçün ciddi riskdir və beynəlxalq birliyin sülh və təhlükəsizliyini ciddi şəkildə pozan addımlardır. Şimali Koreyanın bu kimi addımları BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn öhdəliklərin açıq şəkildə pozulması olmaqla beynəlxalq ictimaiyyətin qəti və yekdil reaksiyasına böyük ehtiyac var. Koreya hökuməti Şimali Koreyanın nüvə və ballistik raket proqramını inkişaf etdirməsindən imtina etməsi və Şimali Koreyaya qarşı Təhlükəsizlik Şurasının mövcud sanksiyaları əsasında nüvəsizləşdirməyə nail olması, beynəlxalq ictimaiyyətin Şimali Koreyanın təxribatlarını qəbul etməyəcəyinə dair aydın mesaj verməsi üçün beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edir. Şimali Koreyanın təxribatına hazırlaşarkən, Koreya hökuməti həmçinin müttəfiqləri ilə sıx əməkdaşlıq edir, müvafiq addımları yaxından izləyir. Biz Şimali Koreyanın istənilən təxribatına dərhal və qətiyyətlə cavab vermək qabiliyyətindəyik.

Foto Orxan Kərimov © APA group

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR