Milli Məclisin deputatları Kamboca Baş naziri ilə görüşüb

Milli Məclisin deputatlarının Kamboca Baş naziri ilə görüşü

© APA | Milli Məclisin deputatlarının Kamboca Baş naziri ilə görüşü

# 08 iyun 2022 12:01 (UTC +04:00)

Kamboca Xalq Partiyasının sədri, Kamboca Krallığının Baş naziri Hun Sen ölkədə keçirilən seçkiləri müşahidə edən beynəlxalq missiyanın üzvlərini qəbul edib.

Bu barədə APA-ya Milli Məclisin deputatı Soltan Məmmədov məlumat verib.

Azərbaycan Milli Məclisinin üzvləri Ramin Məmmədov və Soltan Məmmədov da qəbulda iştirak ediblər.

Deputat bildirib ki, Baş nazir Kambocanın tarixi, ictimai-siyasi həyatı, seçkilərin əhəmiyyəti barədə məlumat verib. Daha sonra Baş nazirin Azərbaycan nümayəndələri ilə ayrıca görüşü keçirilib. Görüşdə Hun Sen ikitərəfli münasibətlərin müxtəlif aspektləri haqqında danışıb. Azərbaycan və Kamboca arasında siyasi əlaqələrin və iqtisadi əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Yeni Azərbaycan Partiyası ilə Kamboca Xalq Partiyası arasında Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) və Mərkəzçi Demokrat İnternasionalı (CDI) çərçivəsində səmərəli əməkdaşlıq qurulduğunu qeyd edib.

Azərbaycan Milli Məclisinin üzvləri ölkəmizin Vətən müharibəsində qazandığı tarixi zəfərin əhəmiyyəti, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına verdiyi önəmli töhfələr haqqında məlumat veriblər. Kamboca Krallığının ölkəmizin haqlı mübarizəsinə dəstəyinin Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb. İki ölkənin hökumətləri arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndiyi qeyd olunub. Qoşulmama Hərəkatı çərçivəsində siyasi əlaqələrin dünyada sülhə və dialoqa xidmət etdiyi bildirilib.

Qeyd edək ki, Milli Məclisin deputatları Ramin Məmmədov və Soltan Məmmədov Kamboca Krallığında keçiriləcək bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün iyunun 2-də bu ölkənin paytaxtı Pnompen şəhərinə səfər ediblər. Səfər bu gün başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR