Misir səfiri: Azad olunmuş ərazilərin inkişafı üçün Azərbaycan siyasi rəhbərliyinin tam fərqli yanaşması var - MÜSAHİBƏ

# 28 noyabr 2022 13:18 (UTC +04:00)

Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidin APA-ya müsahibəsi

- Cənab səfir, Azərbaycan və Misir arasında mövcud ikitərəfli əlaqələri necə qiymətləndirirsiniz? Gələcəkdə ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi üçün hansı addımlar atılır?

- Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir, çox dərin, qədim köklərə malikdir. Bu əlaqələrin kökü hətta Azərbaycanın müstəqillik əldə etməmişdən öncəki dövrünə gedib çıxır. Misir Azərbaycanın müstəqilliyini tanıyan və Azərbaycanda öz səfirliyini açan ilk dövlətlərdən biridir. Misir Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb, 1993-cü ildə Azərbaycanda Misir səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan 1994-cü ildə Misirdə səfirlik açıb.

İki ölkə arasında əlaqələr siyasi müstəvi ilə yanaşı, digər sahələrdə də yüksək səviyyədədir və inkişaf etməkdədir. Ölkələrimiz arasında siyasi, iqtisadi, turizm və bir çox sahələrdə qarşılıqlı əməkdaşlığımız, ölkələrin beynəlxalq arenada bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi iki ölkə arasında əlaqələrin inkişafına təkan verir. Bu ilin fevral ayında Azərbaycanda iki ölkə arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası keçirildi və bu ilin iyul ayında Bakıda Azərbaycanla Misir arasında siyasi məsləhətləşmələr baş tutdu. Bu da öz növbəsində Azərbaycan-Misir əlaqələrinin inkişafını daha da möhkəmləndirir.

Eyni zamanda, onu da vurğulamalıyam ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin səviyyəsinin yüksəldilməsi üçün hazırda addımlar atılır. Çünki Azərbaycan və Misir arasında mövcud iqtisadi əlaqələrin daha geniş perspektivləri var və imkanlardan maksimum istifadə etmək lazımdır.

- Bildiyiniz kimi, Azərbaycan Misirin təsisçilərindən olduğu Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın bu təşkilata sədrliyini necə qiymətləndirirsiniz?

- İstənilən təşkilatdakı əlaqələrimiz iki dövlət arasındakı qarşılıqlı əlaqələrə və münasibətlərə söykənir. Misirlə Azərbaycan bir sıra beynəlxalq təşkilatda koordinasiyalı, qarşılıqlı şəkildə iştirak edir. Qoşulmama Hərəkatına gəldikdə isə, Misir bu hərəkatın təsisçilərindən biridir. Çox sevindirici haldır ki, Azərbaycanın bu təşkilata qoşulması 2010-cu ildə Misirdə keçirilmiş toplantı zamanı baş tutub. Azərbaycanın bu hərəkata üzv qəbul edilməsinin Misirdə baş verməsi o deməkdir ki, iki ölkə arasında yüksək səviyyəli əlaqələr mövcuddur, ölkələrimiz bu təşkilat çərçivəsində çox sıx əməkdaşlıq edir.

Onu da qeyd edim ki, Azərbaycanın bu təşkilata sədr seçildi və pandemiya səbəbindən Azərbaycanın sədrliyinin müddəti uzadıldı. Misir tərəfindən də bu qərar dəstəkləndi. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanın bu təşkilata sədrliyi fərqli bir dövrə təsadüf edir. Fürsətdən istifadə edərək Azərbaycan dövlətinin rəhbərliyini Qoşulmama Hərəkatına sədrlik etməsi münasibətilə təbrik edirəm.

Qoşulmama Hərəkatı mövzusunda Azərbaycan haqda ifadə etdiyim fikirlər İslam Əməkdaşlıq Təşkilatındakı münasibətlərimizə də aiddir. Orada da iki ölkə arasında koordinasiyalı şəkildə, yüksək səviyyəli əməkdaşlıq var, əlaqələr yüksək səviyyədədir.

Beynəlxalq təşkilatlardakı qarşılıqlı əməkdaşlığımızdan haşiyə çıxaraq bir məqamı da qeyd edim ki, hər iki ölkəni bir-birinə bağlayan amillərdən biri də tolerantlıq və hər iki ölkənin radikalizmə qarşı mübarizə aparmasıdır. Ümumiyyətlə, Azərbaycan və Misir arasında müştərək əməkdaşlıq adını çəkdiyim iki təşkilatla yekunlaşmır. Biz həmçinin, BMT kimi dünyanın bir sıra digər mötəbər təşkilatlarında da yüksək səviyyəli qarşılıqlı əməkdaşlıq edirik.

- Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana gözlənilən səfəri var. Lakin illərdir ki, bu səfər baş tutmur. Səfər qüvvədədir?

- Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisini Azərbaycana səfərə dəvət etmişdi, lakin pandemiya səbəbi ilə bu səfər baş tutmadı və sonradan həmin dəvət yeniləndi. Hazırda bu səfərin baş tutması üçün hazırlıq prosesi gedir, işlər görülür, lakin səfərin hansı tarixdə baş tutacağı haqda dəqiq məlumat yoxdur. Bir sözlə, səfər gözlənilir.

- Misir Azərbaycanı Süveyş kanalı xüsusi iqtisadi zonasına (XİZ) investisiya qoymağa dəvət etmişdi. Bu məsələ ilə bağlı hansı yeniliklər var?

-Bəli, Misir Azərbaycana belə bir təklif irəli sürüb. Azərbaycan həmin regiona investisiya yatıran ölkələrdən biri olsa çox şad olarıq. Mən düşünürəm ki, hazırda Azərbaycanda bu məsələ ətrafında müzakirələr aparılır. Biz Azərbaycan tərəfinin cavabını gözləyirik. Süveyş XİZ-də görülən işlərin məqsədi kommunikasiya, yol infrastrukturu, texnologiya, dəniz yolu ilə daşınmalar və digər sahələri inkişaf etdirməkdir. Orada həmçinin, yaşayış komplekslərinin də tikintisi gözlənilir və görülən işlər həm region dövlətlərinin inkişafına, həm də beynəlxalq ticarət dövriyyəsinin həcminin artmasına öz töhfəsini verəcək.

- Azərbaycanla Misir arasında turizm sahəsindəki əməkdaşlıq necə, ürəkaçandır? necə qiymətləndirirsiniz?

- Əvvəla onu deyim ki, Bakı ilə Şarm əl-Şeyx şəhəri arasında uçuşlar həyata keçirilirdi, koronavirus səbəbi ilə fasilə yaranmışdı. Bu ilin martın 18-də bu uçuşlar yenidən bərpa olundu. Bu da onu göstərir ki, Azərbaycan vətəndaşları Misirə səfər etmək üçün böyük həvəs göstərir və onların sayı artmaqda davam edir. Bir məsələni də qeyd edim ki, Misirə viza əldə etmək üçün səfirliyə yaxınlaşaraq çox asanlıqla viza ala bilərlər və həmçinin, hava limanında da viza əldə edə bilərlər ki, bu da üstün bir cəhətdir.

Şarm əl-Şeyx şəhərinə aviareyslər ölkələrimizin qarşılıqlı əməkdaşlığının inkişafına, Azərbaycan və Misir xalqlarının yaxınlaşmasına, xalqların bir-biri haqqında daha çox məlumat əldə edə bilməsi üçün böyük töhfə verib. Nəzərə almaq lazımdır ki, bu iki xalq arasında dərin kökləri olan dostluq münasibətləri mövcuddur. Bu məsələyə yalnız turizm nöqteyi-nəzərindən baxmayaq. Turizmin inkişaf etməsi ilə yanaşı, ölkələr arasında digər mühüm sahələrin, mədəni əlaqələrin səviyyəsinin yüksəlməsinə, ölkələrin bir-birinə inteqrasiyasına dəstək olur.

Şarm əl-Şeyx şəhərinə səfər edənlər elə düşünür ki, ora ancaq turizm şəhəridir, lakin şəhəri gəzərkən görürlər ki, Şarm əl-Şeyx irimiqyaslı konfranslar şəhəridir. Buna misal olaraq, BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) 27-ci Tərəflər Konfransı 6-18 noyabr tarixlərində Şarm əl-Şeyxdə təşkil olundu. Orada təxminən 100 dövlət və hökumət başçısı, 60 min nümayəndə iştirak etdi. Hər dövlət belə böyük bir tədbirə ev sahibliyi edə bilmir.

Bu konfrans çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev misirli həmkarı Yasmin Fuadla ikitərəfli görüş keçirib ki, bu da ölkələrimiz arasındakı əlaqələrə bir nümunədir.

Onu da əlavə edim ki, Misirin çoxlu gəzməli şəhərləri var. Onların sırasında kurort şəhərləri ilə yanaşı, həmçinin qədim tarixi özündə əks etdirən, xeyli sayda tarixi abidələrə malik bir sıra digər turistik şəhərlər də var.

- Cənab səfir, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəriniz haqda təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

- Mən işğaldan azad olunmuş əraziləri, o cümlədən Ağdamı və Kəlbəcəri ziyarət etdim. Həmin ərazilərdə keçmişdə olanlar barədə danışmaq istəmirəm. Mən indi həmin ərazilərin gələcəkdə çiçəklənməsi və inkişafı üçün görülən işlərdən danışmaq istəyirəm. Azad olunmuş ərazilərin inkişafı üçün Azərbaycanın siyasi rəhbərliyinin tam fərqli yanaşması olduğu nəzərə çarpır.

Kəlbəcər turizmin inkişaf etdirilməsi üçün çox yüksək perspektivə malik regiondur. Oranı mən İsveçrədəki Alp dağları ilə müqayisə edə bilərəm. Orada elə bir təbiət var ki... Kəlbəcər qarlı dağlar, yaşıl çəmənlər və çaylarla əhatə olunub. Bu təbiətin ecazkarlığıdır. Bir çox dövlətlərdə belə gözəllik yoxdur. Kəlbəcərə gediş-gəliş bərpa olunandan sonra ora çox böyük turist axını olacaq.

Onu əlavə edim ki, azad olunmuş ərazilərə səfərlərim çox uğurlu və səmərəli alınıb.

- Nəzərə alsaq ki, Azərbaycan uzun illər işğala məruz qalıb, lakin bununla belə Azərbaycan Ermənistanla sülhə nail olmaq üçün addımlar atır...

- Təcrübə onu deyir ki, hər bir problem, münaqişə danışıqlar yolu və vasitəçilərin köməyi ilə həll olunur. Mən ümidvaram ki, vasitəçilərin dəstəyi ilə Azərbaycan və Ermənistan arasında da sülhə nail olunacaq və bütün anlaşılmazlıqlar birdəfəlik həll olacaq. Cənubi Qafqazda sülhün təmin olunması təkcə, Azərbaycan və Ermənistanın deyil, bir sıra dövlətlərin maraqlarına uyğundur, çünki bu region olduqca əlverişli, əhəmiyyətli geosiyasi və coğrafi mövqedə yerləşir. Misir hər zaman münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir.

- Misir ilk ərəb ölkəsidir ki, İsrailin müstəqilliyini tanıyıb və buna görə də bir sıra problemlər yaşanıb. Hazırda isə bir sıra ərəb ölkələri İsraillə münasibətlərini normallaşdırır. Sizin illər əvvəl atdığınız addımların nəticəsi olaraq İsraillə ərəb ölkələri arasında əlaqələr normallaşır. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Ərəb ölkələrinin İsraillə bu yaxınlarda bağlanan və “İbrahim razılaşması” adlanan Saziş Yaxın Şərqdə sülhün bərqərar olunması imkanlarından bəhs etməklə yanaşı, bir çox iqtisadi sahələrdə əməkdaşlıqdan ibarətdir.

Misirə gəlincə, Misir 1973-cü il oktyabrın 6-da işğal altındakı torpaqlarını azad etmək üçün müharibəyə başladı və bu müharibə 1979-cu ildə imzalanmış “Kamp Devid” sazişinə əsasən sülhün əldə olunması ilə başa çatdı. Misir problemlərin sülh və danışıqlar yolu ilə həlli prinsipini təsdiq edir və ölkəmizin istəyi də Yaxın Şərqdə sülhün əsası kimi Fələstin məsələsinin daimi həllinə də bu şəkildə nail olmaqdır.

- Misir və Türkiyə arasındakı münasibətlərdə gərginlik yaşanmışdı. Hazırda ölkələrarası münasibətlərin normallaşma prosesi hansı səviyyədədir? Onu da qeyd edim ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının açılış mərasimində Misir və Türkiyə liderlərinin fotosu gündəm oldu.

- Misir və Türkiyə Yaxın Şərqdə iki böyük ölkədir. Siyasətdə baş tutması mümkünsüz sayılan nəsə yoxdur. Ölkələrimiz arasında gərginliyə və Qətərdə keçirilən Dünya Çempionatının açılışı münasibətilə liderlərə verilən ziyafətdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə fotosuna gəlincə isə, hadisələri qabaqlamaq istəmirəm. Hər şeyi zaman göstərəcək.

Foto Orxan Kərimov © APA group

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR