Mixail Şvıdkoy: “İlham Əliyevin sülh təşəbbüsü çox əhəmiyyətlidir”

Mixail Şvıdkoy

© APA | Mixail Şvıdkoy

# 23 dekabr 2021 14:35 (UTC +04:00)

“Düşünürəm ki, Azərbaycanla Ermənistanın vətəndaş cəmiyyətləri arasında dialoq Rusiya üçün çox vacibdir. Məncə, bu cür düzgün atmosfer yaratmadan nəyəsə nail olmaq mümkün deyil. Heç olmasa, hər iki cəmiyyətdə bu anlayış olmalıdır ki, “biz qonşuyuq və dünya xəritəsini dəyişə bilmərik”. Dostum Polad Bülbüloğlunun dediyi kimi, coğrafiya da taledir”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.

M. Şvıdkoy hesab edir ki, qonşular bir-birinə qarşılıqlı hörmət etməli, heç olmasa, neytral münasibətdə olmalıdır: “Bu, çox vacibdir. Anlaşılandır ki, bütün hərbi münaqişələr, üstəlik təzəcə bitmiş, əks-sədası hələ də davam edən münaqişələr cəmiyyətlərdə müəyyən atmosfer yaradır. Burada Rusiyanın mövqeyi çox sadədir. Bizim üçün çox vacibdir ki, Azərbaycanla Ermənistanın insanları arasında dialoq başlansın”.

Azərbaycan Prezidentinin Ermənistana sülh müqaviləsi imzalamağı təklif etməsinə münasibət bildirən M. Şvıdko bildirib ki, dövlətlər arasında münasibətlərin ən ali forması sülh müqaviləsidir: “Bu, çox vacibdir. Bizim bununla bağlı uzun təcrübəmiz var. Yaponiya ilə sülh müqaviləsinin imzalanmaması ölkələrimiz arasında münasibətləri hər zaman çox çətinləşdirir. İlham Əliyevin sülh təşəbbüsü çox əhəmiyyətlidir. Ona görə ki, bir daha təkrar edirəm, sülh müqaviləsi dövlətlərarası münasibətlərin ən ali formasıdır, hansı ki, bu, ölkələrə uğurlu inkişaf etməyə imkan verir. Ümid edirəm ki, Azərbaycanla Ermənistan arasında bu, baş verəcək. Lakin bunun üçün çox vaxt və səy, ən başlıcası da xoşməramlılıq tələb olunur”.

“Artıq müharibə bitib, postmüharibə dövrüdür. Sizcə regionda iki xalq arasında münasibətlərin normallaşması üçün hansı addımları atmaq mümkündür” sualına cavabında Rusiya Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, hazırda gedən proseslər çox mühümdür: “Bu proseslər Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası üçün çox vacibdir. Sovet İttifaqının dağılmasından sonra - həmin vaxtdan artıq 30 il keçib - anlaşılandır ki, sərhədlər düzgün müəyyən olunmayıb. Ona görə də iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası vacibdir. Bu, birinci addımdır. İkinci addım isə minalanmış ərazilərin bu prosesə paralel olaraq təmizlənməsidir. Tale elə gətirib ki, mən Polad Bülbüloğlu ilə qoşunların təmas xəttindən keçib getmişik. Biz o zaman minalanmış ərazilərdən keçmişdik. Deməliyəm ki, minalı ərazilərdən keçmək heç xoşagələn məsələ deyil. Hətta böyük təcrübəyə malik insanlar üçün... Ona görə də ərazilərin minalardan təmizlənməsi vacibdir ki, dinc insanlar həlak olmasın.

Digər vacib olan addım isə Cənubi Qafqaz regionunun, Azərbaycanla Ermənistan arasında nəqliyyat arteriyasının bərpa olunmasıdır. Bilirəm ki, qonşunuz “dəhliz” sözünə çox ağrılı yanaşır. Lakin nəqliyyat kommunikasiyalarının bərpası çox vacibdir. Bu, bərpa olunan kimi ticarət, qarşılıqlı mübadilə başlayacaq və hansısa ümumi iqtisadi layihələr reallaşacaq. Bununla da hər şey öz yerinə oturacaq. Bunun üçün vaxt lazımdır. Təbii ki, burada humanitar tərkibli məsələlər çox vacibdir. İnsanlar arasında dialoqa başlamaq lazımdır. Dialoqsuz heç nə alınmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR