Pakistan Senatında Azərbaycanla diplomatik münasibətlərə həsr olunmuş fotosərgi keçirilib

Pakistan Senatında Azərbaycanla diplomatik münasibətlərə həsr olunmuş fotosərgi keçirilib
# 16 iyun 2022 10:45 (UTC +04:00)

Pakistan Senatında Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü ilə bağlı fotosərgi və ziyafətdən ibarət tədbir keçirilib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Senatının sədrinin müavini Mirzə Məhəmməd Afridi, Milli Assambleyanın spikerinin müavini Zahid Əkrəm Durani, senatorlar, millət vəkilləri, xarici ölkələrin Pakistandakı səfirləri, eləcə də bu ölkənin KİV nümayəndələri iştirak ediblər.

İlk öncə Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə həsr olunmuş fotosərginin açılışı olub və qonaqlar sərgi ilə tanış olublar.

Sərgidən sonra təşkil olunmuş ziyafətdə çıxış edən səfir Xəzər Fərhadov Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümünün qeyd olunduğu bildirib və bu münasibətlə öz təbriklərini çatdırıb. Hər iki ölkənin bir-birini həm ikitərəfli həm də beynəlxalq arenada dəstəklədiyini qeyd edən səfir qardaş Pakistanın istər keçmiş Dağlıq Qarabağ münaqişəsi istərsə də Vətən müharibəsi zamanı göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi diqqətə çatdırıb, eləcə də bu illər ərzində Pakistan Senatı və Assambleyası tərəfindən Azərbaycanı dəstəkləyən vacib qətnamələrin qəbul olunduğunu diqqətə çatdırıb. Azərbaycan-Pakistan əlaqələrinin ötən illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə çatdığını ifadə edən səfir əlaqələrin bu səviyyəyə çatmasında hər iki ölkə rəhbərlərinin rolunu xüsusi vurğulayıb. Xəzər Fərhadov Azərbaycan-Pakistan arasında qarşılıqlı həyata keçirilmiş yüksək səviyyəli səfərləri və bu səfərlərin iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsinə verdiyi töhfələri diqqətə çatdırıb. Səfir, diplomatik münasibətlərin 30-cu ildönümü ərəfəsində Pakistan-Azərbaycan arasında birbaşa müntəzəm reyslərin həyata keçirilməsinin iki dost və qardaş ölkə arasında yüksələn xəttlə inkişaf edən əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyini bildirib. Həmçinin, çıxış zamanı bu günün, yəni 15 iyun tarixinin Azərbaycanda Milli Qurtuluş Günü ilə kimi qeyd olunduğunu da bildirən səfir, bu tarixin önəmi barədə məlumatları qonaqların diqqətinə çatdırıb və məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın müstəqilliyini qoruyub saxladığını və ölkəmizin dünyada ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrildiyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR