Politoloq: Sərhəddə baş verənlər Ermənistanın məqsədli təxribatıdır

Ramiz Alıyev

© APA | Ramiz Alıyev

# 12 may 2023 13:08 (UTC +04:00)

“Erməni silahlı birləşmələrinin Azərbaycan mövqelərini intensiv silah atəşinə tutması, nəticədə hərbi qulluqçumuzun şəhid olması bölgədə onsuz da həssas olan vəziyyəti bir qədər də gərginləşdirdi. Ermənistanın atışma zamanı snayperlərdən istifadə etməsi təxribatın məqsədli xarakter daşıdığını bir daha sübut etdi”.

Bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi şərh edərkən bildirib.

Politoloq deyib ki, Ermənistan rəhbərliyi sözdə sülhün tərəfdarı olduğunu bəyan etsə də, reallıqda bunun əksini ortaya qoyur: “Ermənistanın snayperlərdən istifadə etməsi əvvəlcədən hazırlanmış planın tərkib hissəsi olub. Ermənistanın Müdafiə Nazirliyinin və onunla sinxron şəkildə Xarici İşlər Nazirliyinin çox qısa intervallarla ardıcıl açıqlamalar və bəyanatlar verməsi və yalan məlumatlar yayması təxribatın qabaqcadan planlaşdırmasından xəbər verir. Xarici işləri nazirlərinin Vaşinqton görüşündə Ermənistanın ağır vəziyyətə düşməsi və bu ölkədən Azərbaycanın ərazi bütövlüyünü tanınmasının tələb olunması rəsmi İrəvanı çıxılmaz duruma salıb.

Heç kəsə sirr deyil ki, müəyyən xarici qüvvələr Cənubi Qafqazda vəziyyətin gərginləşməsində maraqlıdır. Erməni hərbi birləşmələrinin sərhəddəki təxribat zamanı istifadə etdikləri silahlar da məhz son iki ildə Azərbaycana dost olmayan ölkələr tərəfindən İrəvana “hədiyyə” olaraq verilib. Onlar bölgədə sülhün olmasını istəmirlər və bu niyyətlərini ermənilərin vasitəsilə həyata keçirməyə çalışırlar. İki gün öncə - mayın 10-da Şuşada ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçirilən atəşfəşanlıq erməniləri və onların havadarlarını yaman qıcıqlandırıb. Ermənistanın atəşkəsi Kəlbəcərin məhz Zod qızıl yatağı istiqamətində pozması da təsadüfi deyil. Vaxtilə bu qızıl yatağını işlədən xarici şirkətlər də atəşkəsin pozulmasında az maraqlı deyil”.

Politoloq hesab edir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın 14 may və 1 iyunda Azərbaycan Prezidenti İlham Əliyevə nəzərdə tutulan görüşlərindən öncə belə bir təxribatın baş verməsi olayın məqsədli xarakter daşıdığını bir daha sübut edir: “Ermənistanın siyasi hakimiyyətində və ordusunda hökm sürən xərc-mərclik idarəolunmaz hala gəlib. Görünür, Ermənistanın hökumət nümayəndələri yalan danışır, ya da erməni hərbçiləri rəhbərliyi saymır, onlara tabe olmur. Erməni cəmiyyətində türkə qarşı nifrət gündən-günə artır. Bu gün Azərbaycan dövləti, Ordumuz istənilən təxribatın qarşısını almaq gücündədir. Biz hər bir şəhidimizə görə qisas alacağıq. Ermənistan rəhbərliyi söz verdiyi öhdəlikləri yerinə yetirməli, Azərbaycanın sülh təkliflərini qəbul etməlidir. Ermənistan sənəd üzərində, konkret bəndlərlə Azərbaycanın ərazi bütövlüyünü tanımalı, ölkəmizin daxili işlərinə qarışmamalı, konkret olaraq Qarabağdakı ermənilərdən qalxan kimi istifadə etməməlidir. Ermənistan Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə də eyni çətin vəziyyətlə üzləşəcəyini, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb-tanımaması, əgər tanıyırsa, hansı çərçivədə bunu etdiyi barədə suala birmənalı cavab verməyə məcbur olacağını bilir. Buna görə də vəziyyəti gərginləşdirməklə düşdüyü durumdan çıxmağa çalışır. Bütün bunlar onu göstərir ki, sərhəddə baş verənlər Ermənistanın məqsədli şəkildə həyata keçirdiyi hərbi-siyasi təxribat idi və baş verənlərə görə məsuliyyət tamamilə Ermənistanın üzərinə düşür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR