Politoloq: Vyana Konvensiyasına görə Britaniya səfirliyimizin təhlükəsizliyini təmin etməyə borclu idi

Politoloq: Vyana Konvensiyasına görə Britaniya səfirliyimizin təhlükəsizliyini təmin etməyə borclu idi
# 05 avqust 2022 12:27 (UTC +04:00)

Ötən gün dünyanın mərkəzi şəhərlərindən sayılan Londonun çox sakit və prestijli nöqtəsində yerləşən Azərbaycan səfirliyinə dini radikal qrupların hücumuna polisin seyrçi qalması təəssüf doğurur və bir sıra suallar yaradır.

Bunu APA-ya açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, Britaniya bütün səfirliklərin, o cümlədən Azərbaycan səfirliyinin təhlükəsizliyinə cavabdeh olmalıdır: “Söhbət səfirliyin qarşısında hansısa piketin keçirilməsindən getmir. Hadisənin miqyası daha böyükdür. Dini radikal qrup Azərbaycan səfirliyinə daxil olaraq orada insanlığa sığmayan vandalizm aktı törədib. Şübhəli şəxslər mütləq şəkildə cəzalandırılmalıdır. Hazırda müxtəlif versiyalar var. Bu versiyaların üzərində Britaniya hüquq-mühafizə orqanları işləməlidir və nəticələrlə bağlı mütləq şəkildə cavab verməlidir. Bu hadisə həm də Vyana Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır. Vyana Konvensiyasına görə Britaniya səfirliyimizin təhlükəsizliyini təmin etməyə borclu idi. Çünki Britaniya hüquq-mühafizə orqanları vaxtında tədbir görməli idi. Səfirlik Azərbaycan ərazisi hesab edilir. O əraziyə nəinki bu tipli, hətta digər yollarla da daxilolmalar xüsusi prosedurlar tələb edir. Əlbəttə ki, hüquq-mühafizə orqanlarının ayıq-sayıqlıq nümayiş etdirməməsi, gözləməsi sual doğuran məqamlardandır. Həmin şəxslərlə bağlı da mütləq şəkildə tədbir görülməlidir. Avropanın göbəyində Vyana Konvensiyasının bu şəkildə pozulması heç də yaxşı hal deyil. Bu pis presedent terrorçu qrupları başqa ölkələrdə də diplomatlara və diplomatik nümayəndəliklərə qarşı eyni halı təkrarlamağa həvəsləndirə bilər”.

Zaur Məmmədov hücum zamanı aksiya iştirakçılarının davranışında diqqətçəkən məqamlara da toxunub: “Hadisəni törədən dini radikal qrupun üzvləri olduqca sərbəst şəkildə hərəkət edirdilər. Onlar tamamilə arxayın şəkildə həm küçədə, həm də səfirliyin eyvanına nərdivanla çıxaraq öz məqsədlərinə çatdılar. Səfirliyi mühafizə edən polis isə nərdivanın eyvana qaldırılmasına belə müdaxilə etməyib. Faktiki olaraq polis orada sədd təşkil etməli, radikalların qarşısına çıxmalı idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR