Səfir: İtaliya-Azərbaycan əlaqələri hər bir sahədə inkişaf edir

Səfir: İtaliya-Azərbaycan əlaqələri hər bir sahədə inkişaf edir
# 12 may 2023 14:25 (UTC +04:00)

Bakıda "Italian Wines-Taste the Passion" ("İtalyan şərabları - Ehtirası dad") tədbiri keçirilib.

APA xəbər verir ki, tədbirdə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri, İtaliya Ticarət Agentliyinin (İTA) direktoru Andrea Makkaniko və digər rəsmi şəxslər iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən səfir Taffuri bildirib ki, Azərbaycan və İtaliya arasında elə sıx və isti münasibətlər mövcuddur ki, əlavə sözlərə ehtiyac yoxdur.

"Xalqlarımızı bir-biri ilə dərin tarixi bağlar, sosial-iqtisadi və mədəni əlaqələr birləşdirir. İtaliya mətbəxi və şərab sənayesi olduqca zəngindir. Bu, bir növ italyanların həyat tərzidir. İtaliyanın qonşu ölkələrlə qaynayıb-qarışması nəticəsində hər bir xalq bizim mədəniyyətimizə öz töhfəsini verib. Elementar olaraq onu qeyd edim ki, təkcə pasta adlanan yeməyin ölkəmizdə 147 növ hazırlanma üsulu var. Azərbaycanla hər bir sahədə əlaqələrin günü-gündən inkişaf etməsini görürük ki, bu da bizi çox sevindirir. Şübhəsiz ki, humanitar sahədə münasibətlərin yüksək səviyyəyə çatdırılması və qorunub saxlanılması xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir", - deyə diplomat bildirib.

Qeyd edək ki, tədbir İtaliya Respublikasının Azərbaycandakı səfirliyinin və bəzi yerli qida və içki idxalçılarının dəstəyi ilə İTA tərəfindən təşkil olunub. Təşviqat proqramının əsas məqsədi "Made in Italy" brendi altında istehsal olunan məhsulların Azərbaycan bazarında daha yaxından tanınmasını təmin etməkdir. Təqdim olunan təşviqat kampaniyası eyni zamanda İtaliyanın bir çox regionlarına müxtəlif missiyaların təşkili, press-tur, italyan mətbəxinə aid bəzi nümunələrin təqdimatı və eyni zamanda Bakı şəhərində 2023-cü il ərzində keçiriləcək bir sira layihələri özündə cəmləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR