Soltan Məmmədov: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin təsdiqidir”

Soltan Məmmədov, Milli Məclisin deputatı

© APA | Soltan Məmmədov, Milli Məclisin deputatı

# 14 iyun 2022 15:22 (UTC +04:00)

“2021-ci il 15 iyununda Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi iki qardaş ölkənin tarixi ənənələrə əsaslanan münasibətlər yeni məzmun verən unikal bir sənəddir. Hesab edirəm ki, bu həm də iki qardaş ölkənin müasir qlobal çağırışlara ortaq reaksiyasıdır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra Cənubi Qafqazda yaranan yeni reallıqların Azərbaycan və Türkiyə arasında birliyi daha da gücləndirdiyini bildirib. Şuşa Bəyannaməsi öz məzmununa, strateji məqsədlərinə görə həm də regionda sülhün, sabitliyin möhkəmlənməsinə xidmət edir, bölgədə yeni münaqişələrin meydana çıxmasında maraqlı olan qüvvələrə çox ciddi mesaj verir: “Azərbaycan və Türkiyə dəfələrlə bəyan edib ki, bu sənəd heç bir üçüncü dövlətə qarşı yönəlməyib. Bizim ölkələrimizi yalnız ortaq etnik köklər, dini və mədəni amillər deyil, həm də ümumi maraqlar birləşdirir. Azərbaycanla Türkiyə beynəlxalq platformalarda sıx əməkdaşlıq edir, siyasi, iqtisadi, ticarət əlaqələri, mədəniyyət, təhsil sahəsində münasibətlər ən yüksək səviyyədədir. Eyni zamanda, hərbi sahədə, müdafiə məsələlərində çox dinamik inkişaf edən əməkdaşlıq mövcuddur. Bu baxımdan Şuşa Bəyannaməsi iki ölkə arasında strateji müttəfiqliyin təsdiqidir”.

Soltan Məmmədov Vətən müharibəsindən sonra regionda kommunikasiyaların açılması istiqamətində fəal diplomatik iş aparıldığını xatırladıb. Qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı bəyannamədə əksini tapmış müddəalar Azərbaycan və Türkiyənin qlobal çağırışlara münasibətdə ortaq mövqedən çıxış etdiyini bir daha təsdiqləyir: “Zəngəzur dəhlizinin fəaliyyətə başlaması yalnız Azərbaycan və Türkiyənin deyil, bütün region xalqlarının, eləcə də Cənubi Qafqazda maraqları olan böyük güclərin iqtisadi mənafelərinə cavab verir. Çünki bu, Şərqdən Qərbə bir çox ölkələrin faydalana biləcəyi yeni və nəhəng bir kommunikasiya xəttidir. Zəngəzur dəhlizinin yaradılması iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, yaşadığımız regionda sülhün, təhlükəsizliyin, əməkdaşlığın təmin olunması, xalqların rifahının yüksəldilməsi üçün xüsusi önəm kəsb edir”.

Soltan Məmmədov Şuşa Bəyannaməsinin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR