Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında (ÇXR) səfərdədir.
YAP mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində mayın 28-də YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini, nazir müavini Çyan Xunşan arasında görüş keçirilib.
YAP nümayəndə heyətini salamlayan Çyan Xunşan 28 May - Müstəqillik Günü münasibətilə təbrikini çatdırıb, Azərbaycan xalqına və dövlətinə firavanlıq, əmin-amanlıq və yeni uğurlar arzu edib. Çyan Xunşan Azərbaycan-Çin münasibətlərinin dostluğa və tərəfdaşlığa əsaslandığını, çoxşaxəli əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. O, Çin ilə Azərbaycanın iqtisadi, siyasi, mədəni, humanitar və digər sahələrdə əlaqələri genişləndirməkdə maraqlı olduqlarını bildirib. Milli maraqları və beynəlxalq hüquq normalarını əsas götürən, bərabərhüquqlu tərəfdaşlığa malik iki dost ölkənin bir-birinin suverenliyinə hörmət və ərazi bütövlüyünə dəstək ifadə etdiklərini söyləyən Çyan Xunşan qeyd edib ki, istər Azərbaycan, istərsə də Çin öz siyasəti ilə beynəlxalq birliyin layiqli və məsuliyyətli üzvü olduğunu sübuta yetirib.
Şöbə müdirinin müavini bildirib ki, ÇKP ilə YAP arasındakı məhsuldar dialoq çərçivəsində əlaqələrin genişləndirilməsi Azərbaycan-Çin münasibətlərinin də inkişafına önəmli töhfədir. ÇKP-nin geniş beynəlxalq əlaqələrə malik olduğunu söyləyən Çyan Xunşan YAP ilə əməkdaşlığın dərinləşdirilməsinə böyük diqqət göstərildiyini bildirib. O, qarşılıqlı səfərlərin partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov vurğulayıb ki, bu gün Azərbaycan-Çin münasibətləri hər iki ölkənin liderlərinin siyasi iradəsi sayəsində dinamik inkişafa malikdir. İki ölkə arasında çoxşaxəli əlaqərin mövcud olduğunu diqqətə çatdıran Tahir Budaqov qeyd edib ki, müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərait və etibarlı zəmin mövcuddur. YAP Sədrinin müavini söyləyib ki, ərazilərinin bir hissəsi 30 ilə yaxın müddətdə işğal altında qalmış Azərbaycan beynəlxalq hüququn təməlində dayanan suverenlik və ərazi bütövlüyü prinsiplərinə hər zaman böyük önəm verib. Bu baxımdan, Azərbaycan beynəlxalq münasibətlər sisteminin subyekti olan ölkələrin, o cümlədən Çinin ərazi bütövlüyünə, eləcə də Vahid Çin prinsipinə dəstəyini daim ifadə edib və bu gün də eyni mövqedədir. Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq ərazi bütövlüyünü təmin, tarixi ədaləti isə bərpa etməsindən bəhs edən Tahir Budaqov yeni geosiyasi reallıqların regional təhlükəsizlik və işbirliyi üçün mühüm imkanlar yaratdığını bildirib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərinin görüldüyünü diqqətə çatdıran YAP Mərkəzi Aparatının rəhbəri Çin şirkətlərinin bu prosesdə fəal iştirakına geniş imkanların olduğunu söyləyib.
Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin inkişafında iki ölkənin hakim partiyalarının daimi təmaslarının və əməkdaşlıq əlaqələrinin mühüm rolu olduğunu diqqətə çatdırıb. O, qarşılıqlı səfərlərin partiyalararası əlaqələrin bütün istiqamətlərdə inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. YAP Sədrinin müavini bildirib ki, siyasi partiyalar olaraq dövlət başçılarının dostluq münasibətlərini, Azərbaycan ilə Çin arasında tərəfdaşlığı örnək götürərək əlaqələri daha da gücləndirməli, səmərəli, faydalı və məqsədyönlü birgə fəaliyyəti uğurla davam etdirməliyik.
Qeyd edək ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadə daxildir.