Türkmənistanda Azərbaycanın Müstəqillik günü qeyd olunub

Türkmənistanda Azərbaycanın Müstəqillik günü qeyd olunub
# 30 may 2023 16:42 (UTC +04:00)

Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən Müstəqillik günü və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 105 illiyi münasibəti ilə Aşqabadda rəsmi qəbul keçirilib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, qəbulda Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev, Türkmənistanda fəaliyyət göstərən xarici dövlətlərin və beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin rəhbərləri və yüksək vəzifəli əməkdaşları, ictimaiyyət nümayəndələri, soydaşlarımız, yerli və xarici media nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın və Türkmənistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Səfir Həsən Zeynalov çıxış edərək 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) müstəqilliyini elan etdiyini, bu mühüm tarixi hadisənin Azərbaycan xalqının müstəqillik arzusunun ifadəsi və milli Azərbaycan dövlətçiliyinin təməli olduğunu bildirdi. AXC-də aparılan siyasi-hüquqi islahatların o dövr üçün inqilabi xarakter daşıdığını diqqətə çatdıran səfir, qadınlara seçki hüququnun, milli, dini və siyasi mənsubiyyət fərqi qoyulmadan bütün vətəndaşlara bərabər hüquqların verilməsinin öz dövrünü xeyli qabaqlayan addımlar olduğunu vurğuladı. Bolşeviklərin işğalı nəticəsində AXC-in cəmi 23 ay mövcud olmasına baxmayaraq, onun, Azərbaycan xalqının demokratik prinsiplərə əsaslanan öz milli dövlətini yaratmaq qabiliyyətini sübut etdi.

Səfir, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, hüquqi və mənəvi varisinə çevrildiyini nəzərə çatdırdı. Ötən əsrin 90-cı illərində Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət, demokratik vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı formalaşdı, Azərbaycanın dünya siyasətinə və iqtisadiyyatına uğurla inteqrasiya olundu. Bu gün Azərbaycanın Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan enerji layihələri, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi iri beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır.

Diplomat xatırlatdı ki, 2020-ci ildə Azərbaycanın Ermənistanın 30 illik işğalına son qoydu və 44 günlük Vətən müharibəsinin nəticəsində Qarabağı azad etdi. Hazırda Azərbaycan hökumətinin işğal zamanı tamamilə dağıdılmış şəhər və kəndlər üçün infrastruktur yaradılması istiqamətində böyük işlər görür. Azərbaycan ilə Türkmənistanın qardaşlıq münasibətlərinə toxunan səfir, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmən xalqının Milli lideri Qurbanqulu Berdiməhəmmədovun məqsədyönlü siyasəti nəticəsində ölkələrimizin strateji tərəfdaşa çevrildiyini vurğuladı.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəhbərliyi ilə Azərbaycanla strateji əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi. Ölkələrimizin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, ilk növbədə, nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini dedi. Ötən on bir ay ərzində iki ölkə arasında dövlət və parlament rəhbərləri səviyyəsində beş, hökumət üzvləri səviyyəsində isə çoxsaylı qarşılıqlı səfərlərin olduğu, hökumətlərarası komissiyanın növbəti iclasının keçirildiyi barədə məlumat verən səfir, Azərbaycan və Türkmənistan arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və möhkəmlənməsinin yalnız iki ölkə üçün deyil, bütövlükdə Avrasiya regionu üçün faydalı olduğunu bildirdi. Bu mənada keçən ilin dekabr ayında Türkmənbaşı şəhərində baş tutmuş Azərbaycan-Türkiyə-Türkmənistan dövlət başçılarının ilk zirvə toplantısını xüsusilə qeyd etmək lazımdı. Azərbaycan ilə Türkmənistan arasında ticarət əlaqələrinin də sürətlə inkişaf edir və 2022-ci ildə ticarət dövriyyəmizin əvvəlki ilə nisbətən beş dəfə artıb. Bu il Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilinin tamam olduğunu deyən səfir, bu münasibətlə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini, Ulu öndərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirdi. Tarixi, dil və mədəni əlaqələrin, eyni soykökünə mənsub olmağımızın xalqlarımızı sıx bağladığını və bu amilin əməkdaşlığın daha da dərinləşməsi üçün etibarlı zəmin yaradır. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Türkmənistanın uğurlarına və nailiyyətlərinə həmişə özününkü kimi sevinir.” İfadəsini xatırlatdı.

Daha sonra çıxış edən Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov təbrikini çatdırdı. Türkmənistanı və Azərbaycanı keçmişdən gələn dostluq və mehriban qonşuluq münasibətlərinin birləşdirdiyini deyən qonaq, bu əlaqələrin iki qardaş xalqın əsrlər boyu formalaşmış tarixi-mədəni yaxınlığı ilə sıx bağlı olduğunu qeyd etdi. İki qardaş xalqın zəngin mədəni və mənəvi irsi bu gün ölkələrimiz arasındakı əməkdaşlığın inkişafı üçün etibarlı əsasdır. Dövlət rəhbərlərinin siyasi, iqtisadi, ticarət, eləcə də humanitar sahələrdə yüksək səviyyədə qurulmuş dövlətlərarası münasibətləri inkişaf etdirmək üçün böyük səylər göstərdiklərini qeyd edən Batır Atdayev münasibətlərin səmimi xarakter daşıdığını vurğuladı.

Türkmənistanın və Azərbaycanın zəngin təbii sərvətlərə, o cümlədən nəhəng karbohidrogen ehtiyatlarına malik olduğunu, bunun isə səmərəli münasibətlər üçün geniş imkanlar yaratdığını bildirən qonaq, ölkələrimizin enerji, nəqliyyat və logistika, aqrar sənaye, toxuculuq sənayesi kimi sahələrdə böyük imkanlarının olduğuna toxundu. Hər iki dövlət Asiya və Avropanın kəsişməsində, strateji cəhətdən əhəmiyyətli coğrafi məkanda yerləşir. Bu mövqeyin irimiqyaslı beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında, tranzit-nəqliyyat sahəsində sıx əməkdaşlığa imkan verir. Hazırda beynəlxalq əhəmiyyətli əsas nəqliyyat qovşağı kimi Xəzər regionunun mövqeyi getdikcə artır. Bu baxımdan Türkmənistan-Azərbaycan əməkdaşlığının strateji perspektivi var.

Çıxışlardan sonra tədbir iştirakçılarına ziyafət verildi. Ziyafətdə Türkmənistan dövlət simfonik orkestrinin ifasında Azərbaycan və Türkmən bəstəkarlarının əsərləri səsləndirildi və böyük rəğbətlə qarşılandı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR