Xarici diplomatlar Bakıda ixtisasartırma təlimi keçəcəklər

Xarici diplomatlar Bakıda ixtisasartırma təlimi keçəcəklər
# 06 iyun 2022 17:49 (UTC +04:00)

Xarici diplomatlar üçün ixtisasartırma kursu rəsmi açılış mərasimi ilə bu gün Bakıda öz işinə başlayıb.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyindən (AIDA) APA-ya verilən xəbərə görə, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA) ilə ADA Universiteti tərəfindən birgə təşkil olunan “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı - 2022” adlı beynəlxalq kursun iki həftə davam etməsi nəzərdə tutulub. Beynəlxalq səviyyədə insan kapitalının inkişafı və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan proqramda bu il 11 ölkədən və 4 qitədən (Albaniya, Burundi, Çad, Qabon, Qazaxıstan, Macarıstan, Mərakeş, Rumıniya, Paraqvay, Şri-Lanka və Konqo) 14 xarici diplomat iştirak edir.

Açılışda çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə proqramın məzmunu və əhəmiyyəti haqda iştirakçılara ətraflı məlumat verib. AIDA-nın rəisi Elməddin Mehdiyev Azərbaycanın yeni donor ölkəsi kimi beynəlxalq yardım sahəsində əldə etdiyi uğurlardan və bu uğurları şərtləndirən amillərdən danışıb. ADA Universitetinin nümayəndəsi Aygün Hacıyeva iştirakçıları salamlayaraq kursun ötən buraxılışlarında əldə olunan təcrübəni bölüşüb.

İki həftəlik proqram çərçivəsində iştirakçılar üçün Xarici İşlər Nazirliyini təmsil edən peşəkar diplomatlar, ADA Universitetinin mütəxəssis-müəllim heyəti, eləcə də millət vəkilləri, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ARDNŞ, ANAMA, Qarabağ Dirçəliş Fondu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, ASAN Xidmət, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Gənclər Fondu kimi qurumların nümayəndələri tərəfindən təqdimat və mühazirələrin təşkili nəzərdə tutulub. Beynəlxalq siyasət, səmərəli diplomatik fəaliyyət, peşəkar bacarıq və qabiliyyətlərin inkişafı, Azərbaycanın xarici siyasət prioritetləri və uğurları, enerji diplomatiyası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına Azərbaycanın töhfələri kimi mövzularla yanaşı xarici diplomatlar işğaldan azad olunmuş ərazilərimizdə aparılan sürətli və genişmiqyaslı quruculuq fəaliyyəti, işğal zamanı sistemli şəkildə həyata keçirilmiş urbisid, kultursid və ekosid siyasətinin ağır nəticələri, mina problemi, post-müharibə dövründə Azərbaycanın bütün regionun inkişafını və bölgədə davamlı sülhün təmin olunmasını hədəfləyən konstruktiv mövqeyi və bu istiqamətdə qarşıda duran maneələr haqda bilik və məlumatlar əldə edəcəklər.

Xatırladaq ki, xarici diplomatlar üçün təşkil olunan beynəlxalq ixtisasartırma kursunda bugünə kimi 35 ölkədən 60-a yaxın diplomat iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR