Yunanıstan səfiri: Türkiyədəki dəhşətli zəlzələ ölkələrimizi yaxınlaşdırdı

Yunanıstan səfiri: Türkiyədəki dəhşətli zəlzələ ölkələrimizi yaxınlaşdırdı
# 28 mart 2023 22:05 (UTC +04:00)

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ölkələrimizi yaxınlaşdırdı. Həmin zəlzələdən hamımız təsirləndik.

Bunu Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias APA-ya açıqlamasında bildirib.

"Zəlzələdə həyatını itirənlər, onların yaxınları və ümumiyyətlə təbii fəlakətdən zərər görənlər barədə üzücü xəbərlər sözsüz ki, bizə də pis təsir etdi. Mən böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, Yunanıstan zəlzələdən sonra Türkiyəyə dəstək olan ilk ölkələrdən biridir və ölkəmiz zəlzələdən zərər çəkənlərə yardım etdi.

Yunanıstan tez bir zamanda zəlzələ bölgəsinə xilasedicilərdən ibarət briqadalar göndərdi və bu bizi çox şad edir ki, nəticədə xeyli sayda insan - uşaqlar, qadınlar, qocalar yunan xilasedicilər tərəfindən dağıntılar altından xilas edildi.

Mən də öz növbəmdə Türkiyənin Azərbaycandakı səfirliyində oldum və şəxsən cənab səfir Cahit Bağçıya zəlzələdə həyatını itirənlərlə bağlı başsağlığı verdim, yaxınlarına səbr dilədim.

Onu də xüsusilə vurğulamaq istəyirəm ki, ölkəmizin XİN rəhbəri Nikos Dendias Türkiyəyə səfər etdi və orada həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb, ona təbii fəlakətdən və üzücü xəbərlərdən təsirləndiyini bildirib.

Biz hər zaman çalışmışıq ki, Türkiyə ilə əlaqələrimiz yaxşı olsun. Türkiyə bizim qonşumuzdur və Yunanıstan hər zaman bu ölkə ilə münasibətlərin beynəlxalq hüquq çərçivəsində inkişaf etdirilməsində maraqlıdır.

Biz xalqlarımız, dövlətlərimiz arasında dostluğa, əməkdaşlığa və qarşılıqlı anlaşmaya inanırıq.

Yunanıstan beynəlxalq hüququ və dəniz hüququnu əldə rəhbər tutaraq bütün ölkələrin ərazi bütövlüyünə hörmət edir.

Eyni zamanda, təbii ki, bütün bu dediklərim Azərbaycanla münasibətlərimizdə də keçərlidir və biz Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünə hörmətlə yanaşırıq", - yunan diplomat qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR