86 azərbaycanlı tələbə Türkiyənin zəlzələ zonasından Naxçıvana yola salınıb, üçüncü avtobus da səfərə hazırlanır - FOTO - YENİLƏNİB

86 azərbaycanlı tələbə Türkiyənin zəlzələ zonasından Naxçıvana yola salınıb, üçüncü avtobus da səfərə hazırlanır  - FOTO - YENİLƏNİB
# 25 yanvar 2020 23:09 (UTC +04:00)

Türkiyədə zəlzələ zonasında təhsil alan tələbələrimizin və digər Azərbaycan vətəndaşlarının təxliyyəsi davam edir.

APA-nın yerli bürosuna Azərbaycanın Türkiyədəki Səfirliyindən verilən məlumata görə, Elazığ avtovağzalına toplaşan və əksəriyyəti tələbə olan Azərbaycan vətəndaşlarının təxliyyəsi ilə bağlı 3-cü avtobus ayrılıb.

Qeyd edək ki, bu gün Elazığ şəhərindən yerli vaxtla saat 17:00-da Naxçıvan sərhədi istiqamətində yola çıxan avtobusda 41 tələbə olub. Malatya şəhərindən yola düşən ikinci avtobusla birgə ümumlikdə 86 tələbə İğdıra, oradan da Naxçıvana aparılcaq. Təhlükəli ərazidən təxliyyə olunan vətəndaşlarımız Naxçıvandan təyyarə ilə Bakıya yola salınacaq.

Elazığ Fırat Universitetindən APA-ya verilən xəbərə görə, universitetdə 232 Azərbaycan vətəndaşı olan tələbə təhsil alır. Malatyadakı İnönü Universitetində isə təhsil alan azərbaycanlı tələbələrin sayı 100-dən çoxdur.

Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib ki, hazırda tələbələr tətildə olduqlarına görə, əksəriyyəti vətənə gedib. Amma səfirliyin 00905526792565 qaynar xətti fəaliyyətdədir və zəlzələ zonasından təxliyyə olunmaq istəyən hər bir Azərbaycan vətəndaşı qaynar xəttə müraciət edə bilər.

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, zəlzələ nəticəsində 29 nəfərin öldüyü, 1466 nəfərin xəsarət aldığı qeyd olunub.

***

Saat 18:40

Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr Naxçıvana yola salınıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində bildirilib.

“Elazığdan tələbələrimizi daşıyan ilk avtobus Naxçıvana doğru yola çıxıb. Malatyada təhsil alan tələbələrimiz də sağ-salamat vətənə yola salınıb”, - deyə qeyd olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verib.

Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib ki, Elazığ və Malatya şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin Naxçıvana yola salınması üçün iki avtobus ayrılıb. Tələbələr daha sonra təyyarə vasitəsilə Naxçıvandan Bakıya gətiriləcəklər.

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR