Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Fransa Səfirliyinə müraciət edib

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Fransa Səfirliyinə müraciət edib
# 19 iyun 2020 11:22 (UTC +04:00)

“Mən Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində çəkilmiş və Kann Festivalına təqdim olunmuş Nora Martirosyanın “Külək sakitləşərsə” (Si le vent tombe) filmi ilə bağlı Azərbaycan ictimaiyyətinin etirazını bu mötəbər kürsüdən sizlərə çatdırmaq istəyirəm. İşğal olunmuş Azərbaycan torpaqlarında çəkilmiş bu film, münaqişənin bütün tarixini, səbəblərini və məğzini təhrif etmək məqsədinə xidmət edir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında millət vəkili, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov bildirib.

Millət vəkili bu filmin ərsəyə gəlməsində Fransa şirkətinin də iştirakı, eyni zamanda Kann festivalına təqdim olunmasını xüsusi təəssüf hissi ilə vurğulayıb: “İlk növbədə onu vurğulamaq istərdim ki, bu və buna bənzər təşəbbüslər sürətlə inkişaf edən Azərbaycan-Fransa münasibətlərinin bugünkü ruhuna, xalqlarımız arasındakı dostluq əlaqələrinə, habelə ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın vasitəçilik missiyasının məqsədinə adekvat deyil. Xüsusilə ona görə ki, hər iki ölkə iqtisadi, siyasi, humanitar və mədəni sahədə qarşılıqlı faydalı münasibətlərin inkişafına böyük önəm verir. Diqqətinizə çatdırmaq istərdim ki, Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi də Fransanın müvafiq qurumlarına məsələ ilə bağlı öz etirazını bildirib. Qeyd etmək istərdim ki, Fransanın iki regionu tərəfindən filmin çəkilişinə maliyyə və maddi-texniki yardım göstərilib, eyni zamanda Kann Festivalının sponsor tərəfdaşı olan Provence Alpes Cote d'Azur regionu da filmin istehsalına dəstək verib. Vurğulamaq istərdim ki, bu cür fəaliyyətlər Fransa qanunvericiliyi ilə tənzimlənən Ərazi vahidlərinin beynəlxalq əməkdaşlıqda davranış və nəzarət qaydaları üzrə hüquqi çərçivədə müəyyən edilmiş prinsiplərə ziddir. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri kimi, Fransanın Azərbaycandakı Səfirliyinə müraciət edərək, bu məsələyə mövqe ifadə etməyə dəvət edirəm. Səfirlikdən bu cür addımların Azərbaycan və Fransa xalqları arasında dostluq münasibətlərinin ruhuna zidd olduğu, münaqişə tərəfləri arasında qarşılıqlı etimada xidmət etmədiyi, tarixi həqiqətləri yanlış təqdim etdiyi barədə fikirlərimizi bölüşəcəyini gözləyirəm və əminəm ki, səfirlik səslənən fikirləri anlayışla qarşılayacaq. Fürsətdən istifadə edərək deputat həmkarlarıma, Azərbaycan kino sənayesi işçilərinə, incəsənət adamlarına, kütləvi informasiya vasitələrinə müraciət edərək, bu cür hallara kəskin etirazını bildirməyə çağırıram. Qəti şəkildə inanıram ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu qəbildən olan digər mübahisəli mövzulara həsr olunmuş belə filmlər tarixi faktların təhrif olunmasına və beləliklə də ziddiyyətlərin dərinləşməsinə deyil, əksinə sülh və qarşılıqlı etimad atmosferinin yaradılması məqsədinə xidmət etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR